Bugünlərdə Mədəniyyət və Turizm Nazirliyinin ədəbiyyat üzrə həyata keçirdiyi layihə - Gənc Ədiblər Məktəbinin növbəti toplantısı oldu. M.F.Axundov adına Milli Kitabxanadakı toplantıda gənclərin budəfəki qonağı nasir, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli idi. Ənənəyə uyğun olaraq ilk əvvəl dəvət olunmuş qonaq, ədəbiyyata baxışlarını müşahidə şəklində toplantı iştirakçılarına çatdırdı. Sonra isə "Gənclər və onların yaradıcılığı həmişə mənə maraqlıdır"- deyən E.Hüseynbəyli onlara öz tövsiyələrini də verdi.
  
   "Bilirsiniz ki, bizim ədəbi nəsil ən çətin mərhələdən keçdi. Sovet İttifaqının dağılması ilə başlanan yeni dövrün gətirdiyi problemlər ədəbiyyat sahəsində ciddi durğunluğa səbəb oldu. Ədəbiyyat bir növ arxa plana sıxışdırıldı. Lakin çətinliyə baxmayaraq, müəyyən mərhələ keçildi və sizlər, indiki nəsil üçün ədəbiyyat baxımından da münbit şərait yarandı. İndi ədəbi meydana daxil olmaq çətin deyil, hətta xaricdə çap olunmaq da mümkündür. Dövlət ədəbiyyata qayğı göstərmək imkanındadır və göstərir. Sizin üçün bir iş qalır - yaradıcılığınıza peşəkar yanaşın. Bir gəncin yaradıcılığını bəyənməmək olar, amma onu oxumaq lazımdır. İlk yaradıcılıq dövründə gəncliyin ədəbi təsirə düşməsini də təbii qarşılayıram. Baş redaktor kimi "Ulduz" jurnalına gətirilən bu cür sırf təsir nəticəsində yaranmış əsərlərin müəlliflərinə məsləhətimi verirəm. Çalışıram "özləri olan" əsər yazıb gətirsinlər. Bizdə qəribə bir ənənə yaranıb. Kitabın çap olunanda hamı istəyir ki, müəllif ona hədiyyə versin. Bu ənənənin necə yaranması başqa mövzudur. Lakin yazıçı da zəhmət adamıdır, o, oxucu üçün yazır, kitab bu zəhmətin maddi dəyərlərini almalıdır. Siz də bu ənənəni davam etdirməyin. İlk kitabınızı tanımaq məqsədi ilə paylaya bilərsiniz. Lakin sonrakı mərhələdə azad satışa üstünlük vermək lazımdır".
   Bundan sonra isə E.Hüseynbəyli gənc yazarların suallarına cavab verdi.
   İş rejiminə toxunan nasir cavab verdi ki, o, səhər saat 10.00-dan gecə 04.00-dək dayanmadan işləyir: - oxuyur, yazır. Yalnız həftənin şənbə günü istirahət etdiyi deyən yazıçı, sonra özünün yaradıcılıq sirlərini gənclərə açıqladı: "Mən hekayələrimi birnəfəsə yazmıram. Dəfələrlə oxuyuram, işləyirəm. Yazıçı sözdən qorxmamalıdır. Söz yazıçı üçün torpaqdır".
   Yazı prosesi, yoxsa oxu prosesi maraqlıdır? - sualına cavab olaraq E.Hüseynbəyli öz əsərləri timsalında "Elə işləməyə çalışıram ki, sonra oxuya bilim" - deyərək, hər iki prosesin bir-birinə bağlılığından danışdı.
   Sonra isə tarixi roman janrı "Ulduz" jurnalı və dramaturji yaradıcılıqla bağlı suallara ətraflı cavab verərək onu narahat edən bir məsələni də diqqətə çatdırdı.
   "Bu gün bizim üçün problem məsələlərdən biri kitab satış şəbəkəsinin istənilən səviyyədə olmamasıdır. Belə olan halda kitabların satış faizi yüksələ bilməz. İndi Mədəniyyət və Turizm Nazirliyi kitabxana - satış modeli ilə bu sahədə keyfiyyət dəyişikliyinə çalışır, problemi nəzərində saxlayır. Ümumilikdə kitab satışı şəbəkə olaraq hansısa formada yenidən qurulmalıdır".
   Sonda E.Hüseynbəli "Ulduz" jurnalının aprel sayının bütünlüklə Gənc Ədiblər Məktəbinin üzvlərinin yaradıcılığına həsr olunacağını bildirərək, onlardan əsərlər gözlədiyini söylədi. M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov da yaradıcı gəncliyə kitabxananın daim qayğıyla yanaşdığını diqqətə çatdıraraq, kitabxananın da Gənc Ədiblər Məktəbinin üzvlərinin yaradıcılıqlarının toplandığı almanaxın çapını planlaşdırdığını söylədi.
   Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli məktəbin işinin genişləndirilməsi, gənclərin əsərlərinin nəşri barədə çıxış edərək nazirliyin hazırladığı kitaba təqdim edilən bəzi əsərlər haqqında öz tənqidi fikirlərini bildirdi. O, söylədi ki, ən birincisi əsərlərin dil faktoruna diqqət göstərmək lazımdır.
   Sonra gənclərin yeni yaradıcılıq nümunələrinin dinlənilməsi ilə toplantı davam etdirildi.  

Sabutay