Rusiya Dövlət Dumasında faşizm üzərində qələbənin 75 illiyi və 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Böyük Vətən müharibəsində qadınlar” adlı sərgi açılıb.
Sərgi Dövlət Duması yanında Gənclər Parlamentinin təşəbbüsü və Dövlət Dumasının Milli məsələlər və Ailə, qadın və uşaq işləri üzrə komitələrinin dəstəyi ilə keçirilir.
Milli məsələlər üzrə komitənin sədri Valeri Qazayev qonaqları salamlayıb və tədbirin əhəmiyyətindən bəhs edib.
Ailə, qadın və uşaq işləri üzrə komitənin sədri Tamara Pletneva, deputat İldar Qilmutdinov sərgiyə Moskvanın Azərbaycan icmasının dəstəyini xüsusi qeyd edib, icmaya öz təşəkkürlərini bildiriblər.
Sərgidə Böyük Vətən müharibəsi veteranları azərbaycanlı snayper Ziba Qəniyeva və ilk azərbaycanlı hərbi pilot Züleyxa Səidməmmədova çıxış edərək öz döyüş yollarından danışıblar.
Qeyd edək ki, 1941-ci ildə əhalisi 3,4 milyon olmuş Azərbaycandan cəbhəyə ümumilikdə 680 minə yaxın insan (o cümlədən 10 mindən çoxu qadın) yollanıb, onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub. Bu, İkinci Dünya müharibəsində ABŞ və Böyük Britaniya kimi ölkələrin itkisindən çoxdur. Respublikamızdan 400 mindən çox müharibə iştirakçısı orden və medallarla təltif olunub.