Koronavirus təhlükəsinə görə bir çox ölkələrdə kütləvi tədbirlərin ləğvi barədə qərarlar qarşıdan gələn Novruz bayramı ilə bağlı mərasimləri də əhatə edəcək.
Qırğızıstanda Novruz bayramı münasibətilə keçiriləcək kütləvi tədbirlər təxirə salınıb. Bundan əvvəl ölkədə kütləvi idman tədbirlərinin keçirilməsinə qadağa qoyulmuşdu. Ölkədə həmçinin müxtəlif konsertlərin, forum, seminar, dəyirmi masaların, teatr tamaşalarının keçirilməsi də müvəqqəti dayandırılıb.
***
Tacikistanın Mədəniyyət Nazirliyi elan edib ki, koronavirus təhlükəsi ilə bağlı Novruz şənlikləri məhdud formatda, xalq gəzintiləri olmadan keçiriləcək.
Bununla belə, ölkə bayram havası ilə yaşayır. Düşənbənin mərkəzindəki Dusti meydanında, İsmayıl Somani abidəsinin yanında hündürlüyü 30 metr, diametri isə 16 metr olan səməni ucaldılıb. Meydanda Novruz bayramını simvolizə edən bar ağacları, güllər əkilib, Novruz atributları qoyulub. Martın 1-dən Rudaki prospektində “Novruz yarmarkaları” keçirilir.
***
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Qardabani rayonlarında da Novruz bayramı münasibətilə keçirilməsi nəzərdə tutulan şənliklər ləğv olunub.
Hər iki rayonun bələdiyyəsi bu barədə məlumat yayıb. Məlumatda deyilir ki, koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə rayonlarda bu ay ərzində kütləvi tədbirlər keçirilməyəcək. Qardabani və Marneuli bələdiyyələrində vətəndaşların qəbulu da müvəqqəti olaraq məhdudlaşdırılıb.