Paytaxtımızda yerləşən və müxtəlif sahələri əhatə edən, sırf mədəniyyət profilli olmasa da, əslində, tarixi-mədəni və elmi irs məkanı sayılan muzeylər haqqında oxuculara məlumat verməyə davam edirik. Bu yazıda Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin fəaliyyətinə nəzər salacağıq.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeyin bir əsrə yaxın yaşı var. 1923-cü ilin oktyabr ayında Azərbaycan SSR Xalq Torpaq Komissarlığı tərəfindən Azərbaycan Fəhlə-Kəndli Deputatları Soveti qurultayının açılışı münasibətilə Bakı şəhərində müvəqqəti kənd təsərrüfatı sərgisi təşkil edilmişdi. Sərgidə respublikada kənd təsərrüfatının vəziyyətini əks etdirən müxtəlif eksponatlar, diaqram və fotoşəkillər, ölkənin fiziki-coğrafi, torpaq, iqlim, demoqrafik xüsusiyyətləri və s. nümayiş olunurdu.

Sərgini qısa müddət ərzində minlərlə insan ziyarət etmişdi. Bu maraq nəzərə alınaraq Xalq Torpaq və Xalq Ticarət komissarlıqlarının təşəbbüsü ilə 1924-cü ildə respublika əhəmiyyətli Kənd Təsərrüfatı və Ticarət-Sənaye Muzeyinin yaradılmasına qərar verilir. 1936-1938-ci illərdə muzeyin Gəncə, Şəki, Naxçıvan, Quba və Lənkəranda filialları yaradılır.  Təşkil olunduğu dövrdən dəfələrlə ünvanı dəyişən muzey 2015-ci ilin dekabr ayından paytaxtın Binəqədi rayonunda (S.S.Axundov küçəsi 31) fəaliyyət göstərir.

***

Muzey haqqında ilk təəssürat və maraq elə binaya daxil olduğun ilk andan başlayır. Binanın liftinə Mərdəkan qalasının maketi formasında tərtibat verilib. Dördüncü mərtəbəyə qalxaraq muzeyə daxil olduq.

Direktor Natiq Qurbanov bizi salamlayaraq muzey barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, ekskursiya və ekspozisiya işi dövrün tələblərinə uyğun texniki vasitələrdən istifadə etməklə qurulub. Kənd Təsərrüfatı Nazirliyinin sifarişi əsasında muzeyin informasiya sistemi hazırlanıb. Muzeyi ziyarət edənlər buradakı informasiya köşkləri vasitəsilə ölkəmizin kənd təsərrüfatı potensialı, onun tarixi və ayrı-ayrı sahələri ilə yaxından tanış ola bilirlər. Muzeyin informasiya sistemi müasir dizayn interfeysinə malikdir və 4 əsas moduldan (bölmədən) ibarətdir: “Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı”, “Dövlət Kənd Təsərrüfatı Muzeyi”, “Kənd təsərrüfatı göstəriciləri”, “Kənd təsərrüfatı sahələri”.

“Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı” bölməsində ulu öndərin bu sahənin inkişafına verdiyi töhfələr vizual olaraq fotoşəkillər, videoçarxlar, onun kənd təsərrüfatı ilə bağlı fikirləri vasitəsilə ziyarətçilərə təqdim olunur.

Muzey haqqında bölmədə ziyarətçilərə muzeyin xəritəsi təqdim olunur. Xəritədə hər bir keçid muzeyin bir zalını əhatə edir. Hər bir eksponat barədə həm vizual, həm də mətn məlumatları var.

“Kənd təsərrüfatı sahələri” bölməsində aqrar sahənin müxtəlif istiqamətləri, ayrı-ayrı sahələrin inkişaf tarixi haqqında şəkil və mətn məlumatları yerləşdirilib. “Kənd təsərrüfatı göstəriciləri” modulunda isə sahənin inkişaf xəritəsini vizual olaraq görmək mümkündür.

***

Həmsöhbətimiz bildirdi ki, muzeyin ümumi fondunda 10 min eksponat var. Lakin yer məhdudiyyəti üzündən hazırda 2 min eksponat nümayiş olunur. Ekspozisiya zalında XVIII-XIX əsrlərdə yaşamış kəndli ailəsinin sadə məişətini özündə əks etdirən daxma diqqəti çəkir. Daxmanın taxta qapısı həmin dövrün bütün Azərbaycan kənd evləri üçün xarakterik formadadır. Qapının üzərindəki böyük rəzə kişilər, kiçik rəzə qadınlar üçün nəzərdə tutulub. Rəzələrin səsinə görə gələn qonağın qadın və ya kişi olduğu müəyyənləşdirilər və qonağı qarşılamağa ev sahibi, yaxud sahibəsi çıxardı. Daxmanın divarları gildən və qamışdan hazırlanıb, üstü qamışla örtülüb. Burada geyim və bəzək əşyaları, gil və taxtadan hazırlanmış qablar, nehrə, taxta tərəzi və xurcunlar, yun saplardan toxunmuş palaz, kiçik əl dəyirmanı (kirkirə), həvə, cəhrə və s. yer alıb.

Taxılçılıq bütün dünyada kənd təsərrüfatının ən vacib sahəsi sayılır. Muzeyin taxılçılıq bölməsində Mingəçevirdə aparılan qazıntılar zamanı tapılmış və eramızın I əsrinə aid edilən buğda dənəsinin nümunəsi, əkinçilikdə istifadə edilən qədim kənd təsərrüfatı alətləri – taxıl beli, kətmən, yaba, oraq və s. nümayiş olunur. Əkinçilik Elmi Tədqiqat İnstitutunda yaradılmış “Qiymətli-2/7”, “Əkinçi-84”, “Qaraqılçıq-2”, “Şiraslan-23”, “Azəri”, “Bərəkətli-95”, “Tərtər”, “Turan”, “Mirbəşir-50” və digər sortlar torpağa əkilmiş formada (taxıl zəmisi) təqdim edilir.

Ekspozisiyanın pambıqçılıq bölməsində əmək qəhrəmanları – Bəsti Bağırova və Azərbaycanın ilk qadın mexanizatoru Sevil Qazıyevanın büstlərini görürük. Respublikada becərilən pambıq sortları, ölkəyə gətirilmiş ilk pambıqtəmizləyən maşınlardan biri və s. maraqlı nümunələrdəndir. Burada həmçinin dağətəyi zonada yerləşən müasir Azərbaycan kəndinin maket-ekspozisiyası qurulub. Heyvandarlıq bölməsində qaramalın və qoyunçuluğun tarixi ilə bağlı məlumat verilir.

Muzeyin maraq doğuran bölmələrindən biri arıçılıqla bağlıdır. Burada arıçılıqda istifadə olunan əşyalar, avadanlıqlarla da tanış olmaq mümkündür.

Muzeyin bələdçisi Almaz Qurbanova zaldakı ipəkçilik və meyvəçilik bölmələri haqqında danışır. Burada qədim təsərrüfat sahələrinin tarixinə və inkişafına aid məlumatlarla tanış olmaq mümkündür. Üzümçülük bölməsində üzümdən hazırlanan məhsullar – şərab, sirkə, kişmiş, bəkməz və Azərbaycan şərablarının sərgilərdə aldığı diplom və medallar, çaxır çəlləkləri, qədim üzümsıxan daş və s. nümayiş olunur.

Azərbaycanda atçılığın qədim tarixə malik olması da muzeydə əksini tapıb. Muzeyin direktoru deyir ki, bunu həm arxeoloji qazıntılar zamanı əldə olunan maddi dəlillər, əlyazmalardakı məlumatlar, həmçinin qədim tarixçilər təsdiq edir. Ölkəmizdə tarixən Qarabağ, Qazax, Quba, Şirvan at cinsləri inkişaf edib. Qarabağ atı öz gözəlliyi, sürəti ilə bütün dünyada məşhurdur. Bu sahə müəyyən müddət diqqətdən kənarda qalsa da, hazırda respublikamızda atçılığın əvvəlki şöhrətini qaytarmaq üçün böyük işlər görülür. Zaldakı atçılıq bölməsində bu sahəyə aid geniş məlumat almaq mümkündür.

Ekspozisiya zalında həmçinin xalqımızın etnoqrafiyasını, məişətini əks etdirən qədim nadir bəzək əşyaları, XIX əsrdə və XX əsrin əvvəllərində kəndlilərin istifadə etdiyi mərasim və iş geyimləri, mis, gil və taxtadan hazırlanmış qədim məişət əşyaları, eləcə də qədim əkinçilik alətləri ziyarətçilərin marağına səbəb olur.

Direktor onu da bildirdi ki, muzeydə maarifləndirmə və təbliğat işləri diqqətdə saxlanılır, bu məqsədlə mütəmadi sərgilər və mühazirələr təşkil olunur.

Nurəddin MƏMMƏDLİ