İctimai Televiziya və Radio Yayımları Şirkəti Rotterdamda (Niderland) keçiriləcək “Avroviziya 2020” beynəlxalq mahnı müsabiqəsi üçün Azərbaycan təmsilçisinin mahnı və klipini təqdim edib.

Təmsilçimiz Samirə Əfəndi “Kleopatra” mahnısı ilə səhnəyə çıxacaq. Mahnının müəllifləri niderlandlı Allan Roy Skott, Sara Leyk və Lyuk Van Birsdir. Kompozisiyanın prodüserləri isə Lyuk Van Birs və Toni Kornelissendir. Mahnıda etnik motivlər müasir səslə ahəngdar şəkildə uzlaşır. Kompozisiyada UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycan milli aləti tar, həmçinin balaban və ud səslənir.

Mahnının müəlliflərinin qeyd etdiyi kimi, “Kleopatra” azadlığı, daxildən gələn səsə güvəni, hər şeyin çətinləşdiyi, xüsusilə də kiminsə sizə xəyanət etdiyi və ya zərər verdiyi məqamlarda belə “şahzadə” olaraq qalmağı bacarmağı, bunun üçün güc tapmağı təlqin edən kompozisiyadır. Mahnı mürəkkəb sevgi tarixçəsi, dərdi və xəyanəti yaşamış, lakin öz gücünü göstərmiş və tarixdə qadın müstəqilliyinin rəmzi kimi yadda qalmış Kleopatranın timsalında insanlara olduqları kimi qalmağı, ruh yüksəkliyini və özləri ilə fəxr etməyi bacarmağı aşılayır.

Mahnının klipi Qobustan Milli Tarix-Bədii Qoruğunda quruluşçu rejissor və operator Aleks Lamax tərəfindən çəkilib. Klipin prodüseri İsa Məlikovdur. Qeyd edək ki, bu, uzun müddət ərzində ilk dəfə “Avroviziya” mahnı müsabiqəsi üçün Azərbaycanda çəkilən klipdir.

Daha öncədə də “Avroviziya” müsabiqəsinin seçim mərhələsində iştirak edən Samirə Əfəndi “Yeni ulduz”, “Böyük səhnə” (3-cü yer) və “Səs Azərbaycan” (3-cü yer) kimi musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə tanınıb. 2017-ci ildə Almatıda “Silk Way Star” beynəlxalq vokal televiziya layihəsində 3-cü yeri qazanıb.

Qeyd edək ki, devizi “Open up!” (“Açıl!”) olan “Avroviziya 2020” mahnı müsabiqəsinin yarımfinal mərhələlərinin mayın 12 və 14-də, final mərhələsinin isə mayın 16-da Rotterdam şəhərindəki “Ahoy Arena”da keçirilməsi nəzərdə tutulub. Azərbaycan təmsilçisi “Avroviziya 2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.