Azərbaycan əsilli modelyerin kolleksiyası Antalyada nümayiş olunub

Norveçdə yaşayan Azərbaycan əsilli modelyer və diaspor fəalı Şervin Nəcəfpurun yeni kolleksiyası Türkiyədə moda həftəsində nümayiş olunub. Gənc modelyer qürbətdə doğulmasına baxmayaraq, yaratdığı nümunələrdə Azərbaycan mədəni irsindən həvəslə yararlanır.

“Antalya Fashion Week 2020” moda günlərində onun “Milli mirasımızın mənşəyi” (Land of our origin) adlı kolleksiyasının nümayişi keçirilib. Ümumilikdə 15 geyimdən ibarət yeni kolleksiya Azərbaycan bayrağının rəngləri ilə yanaşı, üzərində Qobustan qayaüstü rəsmlərinin də yer aldığı libaslardan ibarət olub.

Şervin Nəcəfpur deyib: “Azərbaycan-türk övladı olaraq hər zaman çalışıram ki, vətən borcumu layiqincə ödəyəm. Hər bir sənət insanı fərqli mövzulardan ilham alır və hər zaman yeni işlərimi ərsəyə gətirdikdə çalışıram ki, öz tariximizdən və mədəniyyətimizdən istifadə edim”.

Yeni kolleksiyası haqda danışan modelyer qeyd edib ki, Norveç və Azərbaycanı birləşdirən Tur Heyerdalın nəzəriyyələrinə əsaslanaraq məhz Qobustan qayaüstü rəsmlərini yeni yaratdığı libaslarda istifadə etmək qərarına gəlib. “Milli motivlərimizdən istifadə etməyimin əsas səbəbi isə bizim tarixi mirasımızı dünyaya tanıtdırmaqdır”, deyə o bildirib.

“Antalya Fashion Week 2020” modasevərlərin maraq və alqışla qarşıladığı “Milli mirasımızın mənşəyi” kolleksiyası Norveç mediasının da marağına səbəb olub.