Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) üzvləri Almaniyanın Ştutqart şəhərində keçirilən İKA – Dünya Kulinariya Olimpiadasında və Çeçenistanın (Rusiya Federasiyası) Qroznı şəhərində təşkil olunan “Xalyar Festivalı”nda (xalyar – yabanı soğan, sarımsaq) uğurla iştirak ediblər.

Bununla bağlı keçirilən mətbuat konfransında Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov dörd ildən bir Almaniyada keçirilən İKA-nın kulinariya, qida, restoran biznesi sahəsində dünyanın ən böyük sərgisi və yarışı olduğunu söyləyib. Budəfəki yarışa 67 ölkədən 1800-ə yaxın aşpaz qatılıb.

28 komandanın iştirak etdiyi ketrinq yarışlarında ölkəmiz 4-cü yerə sahib olub.

Qroznıda Dünya İslam Kulinariya Birliyinin də dəstəyi ilə keçirilən “Xalyar Festivalı”nda ölkəmiz 12 nəfərdən ibarət komanda ilə yarışıb. Yarışmada Azərbaycan komandası birinci yeri tutub və qızıl medala layiq görülüb.

Tədbirdə çıxış edənlər kulinarlarımızın beynəlxalq yarışlarda iştirakını yüksək qiymətləndiriblər və onlara uğurlar arzulayıblar.