Nəqliyyat vasitələrinin Bakıya girişi martın 29-dək dayandırılıb

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus infeksiyası (COVİD-19) ilə bağlı bir ay müddətində ölkədə kütləvi tədbirlərin təxirə salınması və sosial izolyasiya tədbirləri barədə qərar qəbul edib.

Qərar 14 mart 2020-ci il tarixindən qüvvəyə minib. Qərara əsasən, bu müddətdə

  • ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir;
  • kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır;
  • toy məclislərinin, dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur;
  • restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir, restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir;
  • saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır;
  • ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir;
  • aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaq;
  • tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir;
  • özəl tibb müəssisələri Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə (TƏBİB) koordinasiya şəraitində çalışmalı, yarana biləcək hər hansı hallar üçün yüksək hazırlıq səviyyəsi təmin edilməlidir;
  • Koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaq.

Eyni zamanda ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək.

Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır.

***

Onu da qeyd edək ki, koronavirus təhlükəsi ilə bağlı, dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da ölkəyə giriş-çıxışın məhdudlaşdırılması barədə qərarlar qəbul olunub. Fevralın 29-dan etibarən İran-Azərbaycan sərhədi bağlıdır. Bunun ardınca Azərbaycan-Gürcüstan sərhədində, daha sonra Azərbaycanla Türkiyə arasında qarşılıqlı razılaşma ilə nəqliyyat əlaqəsi dayandırılıb. Son olaraq Azərbaycan və Rusiya hökumət başçılarının bu barədə telefon danışığından sonra   iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin 18 martdan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib. Yük maşınlarının sürücüləri istisna təşkil edəcək.

***

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirlərinin davamı olaraq  martın 19-dan etibarən həmçinin, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan bütün sərnişindaşıma nəqliyyat vasitələrinin ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilir.

Sumqayıt və Abşeron istisna olmaqla ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərnişin daşınması dayandırılır. Ölkə ərazisindəki hava limanlarından Bakıya sərnişin daşınmasına fasilə verilir.

Ticarət əlaqələrinin saxlanması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə bütün nəqliyyat vasitələri ilə yükdaşımaları sərbəstdir.

Xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq.