Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Rafael Dadaşov martın 17-də paytaxtdakı II Fəxri xiyabanda torpağa tapşırıldı.
Mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Jurnalistlərə açıqlama verən Mədəniyyət naziri Əbülfəs Qarayev Rafael Dadaşovun vəfatının Azərbaycan incəsənəti üçün böyük itki olduğunu dedi. Qeyd etdi ki, görkəmli aktyorun səhnədə və ekranda həyat verdiyi bir-birindən maraqlı obrazlar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Rafael Dadaşovun yaratdığı sənət heç zaman dəyərini itirməyəcək, xatirəsi qəlblərdə əbədi yaşayacaq.
Nazir aktyorun ailə üzvlərinə, həmkarlarına və sənətsevərlərə başsağlığı verdi.
Qeyd edək ki, 1976-cı ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan aktyor bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda müxtəlif xarakterli yaddaqalan obrazlar yaradıb.
Rafael Dadaşov səhnədə qazandığı uğurları kinofilmlərdə də təkrarlamağa nail olub. Çəkildiyi “Var olun, qızlar”, “Yarımçıq qalmış serenada”, “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” bədii filmlərində, həmçinin “Mehmanxana sahibəsi”, “Səni axtarıram”, “Bağışla”, “Yollar görüşəndə”, “Topal Teymur”, “Ordan-burdan”, “Mənim günahım”, “Göz həkimi” və s. televiziya tamaşalarında aktyor ustalığını nümayiş etdirərək tamaşaçıların rəğbətini qazanıb.
***
Rafael Dadaşov 2016-cı ildə 70 illik yubileyi ilə bağlı qəzetimizə müsahibəsində bildirmişdi ki, bu yaşda ən çox uşaqlığım üçün darıxıram: “Uşaqlıq dövrümdə olan fotolarım qorunmayıb. Çox heyfsilənirəm ki, uşaqlıq xatirələrim çox azdır”.
Artıq haqq dünyasında olan aktyordan sənətdə qalan xatirələr isə çoxdur. Hər bir sənətkar cismani yoxluğunda xatirələrdə və bir də qoyub getdiyi sənətdə yaşayır...
N.MƏMMƏDLİ