Martın 16-da məşhur cazmen, pianoçu, bəstəkar, caz-muğamın yaradıcısı Vaqif Mustafazadənin (1940-1979) anadan olmasının 80 ili tamam oldu.
Azərbaycan və dünya caz musiqisi tarixinə adını əbədi yazdıran, caz-muğamın yaradıcısı kimi şöhrət qazanan Vaqif Mustafazadə nüfuzlu beynəlxalq müsabiqə və festivalların (Tallin, Tbilisi, Monte-Karlo) qalibi və laureatı olub. Qısa yaradıcılıq ömründə unudulmaz əsərlər, caz kompozisiyaları yaratmaqla bərabər “Qafqaz” caz üçlüyü, “Leyli” və “Sevil” vokal qızlar ansamblları və “Muğam” instrumental ansamblına rəhbərlik edib.
***
“Vaqif Mustafazadə... Bu ad hər birimizdə ən xoş duyğular oyadır. Qısa, lakin mənalı ömür yaşadı. O, dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş etdi. Qəlbləri titrədən gözəl melodiyaları və ritmləri milli musiqi irsimizi daha da zənginləşdirdi və bütün dünyada tanıtdı”.
Bu sözlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “İnstagram” səhifəsində yer alıb.
Mehriban Əliyeva bildirib ki, 80 illiyi qeyd olunan Vaqif Mustafazadənin adı və yaradıcılığı yaşayır və daim yaşayacaqdır: “Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Vaqif Mustafazadənin xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev Fondu tərəfindən 2012-ci ildə bəstəkarın həyat və yaradıcılığından bəhs edən musiqi albomu nəşr edilmiş, yaxın zamanlarda isə əsaslı yenidənqurma işləri aparılan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbi istifadəyə veriləcəkdir”.
***
Martın 16-da əfsanəvi musiqiçinin Fəxri xiyabandakı məzarı ziyarət olunub. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və sənətkarın ev-muzeyinin əməkdaşları tərəfindən onun məzarı üstünə tər güllər düzülüb.
Sənətkarın həyat və yaradıcılığı haqqında danışılıb, musiqi mədəniyyətimizin inkişafında xidmətləri vurğulanıb.
Bildirilib ki, Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.