Ədəbi yaradıcılığı, müxtəlif dövr həyat hekayələrini özündə əks etdirən teatr, kino sənəti mənalar aləmi, mənəviyyat fəlsəfəsidir. Yaradıcılığının təfsirində əsl sənəti bizlərə təlqin edənlərsə böyük istedad sahibləridir. Dövrümüzün tanınmış filosofu Əbu Turxan (professor Səlahəddin Xəlilov) yazır ki, əsl sənətkarlıq üzdə sadə görünənin alt qatdakı dərin mənasını üzə çıxarmaq məharətidir. Bu mənada sənətində həyata ülviyyət, gözəlliklər bəxş edən insanlar yaddaşlarda əbədiləşəcək qədər xoşbəxtdirlər deyə bilərik.
Azərbaycan teatr və kino sənətində bənzərsiz yaradıcılığı ilə yadda qalan, milli kinomuzun simasına çevrilən Xalq artisti, görkəmli aktyor Yusif Vəliyev (1917-1980) də sənət zirvəsini və qəlbləri fəth edən sənətkarlarımızdandır. Anadan olmasının 103-cü, vəfatının 40-cı ildönümündə (18 mart) onun həyat və sənət yoluna bir daha nəzər salmağı özümüzə borc bilirik.
Bir çox peşəkar kino aktyorlarının yaradıcılıq yolunun teatrdan başlaması təsadüfi deyil. Görkəmli sənətkar Yusif Vəliyevin də ekranda canlandırdığı xarakterik rolların uğurlu nəticəsi çoxillik sənət təcrübəsinə əsaslanır. Zamanın gedişatını, cəmiyyətin əxlaqi keyfiyyətlərini fərdi yaradıcılığında, müxtəlif sənət taktikası ilə cilalayan aktyor ifa etdiyi hər bir rol üçün olduqca maraqlı, yaddaqalan ştrixlər axtarıb tapıb, maraqlı priyomlardan istifadə edib, bu kimi jestlərlə də ekran obrazlarının bənzərsizliyinə məzmun və məntiqinə dərinlik gətirib.
Yusif Vəliyevin yaradıcılıq filmoqrafiyasına 60-a yaxın film daxildir. Onların içərisində çəkildiyi və səsləndirdiyi rollar var. Aktyorun kino yaradıcılığından danışarkən dublyaj fəaliyyətinə toxunmamaq mümkün deyil. Onun aydın tələffüzü, məxməri, amiranə səs tembri, qüsursuz diksiyası 30-dan artıq filmimizdə personajları uğurla səsləndirməsinə imkan yaradıb, ekran əsərlərində rol alan aktyorların ifasını dolğun çatdırmağa, dublyaj sənətinin estetik keyfiyyətlərini üzə çıxarmağa əsas verib.
Yusif Vəliyevin sənətinə, həmçinin ana dilimizə olan sevgisi, hörməti və böyük məsuliyyəti dublyaj sənətində Azərbaycan dilinin mükəmməl təqdimatına, o cümlədən başqa millətlərdən olan aktyorların ifasının daha məntiqli çatdırılmasını təmin edib. Buna görə də kino və dublyaj rejissorları Yusif Vəliyevi xüsusi olaraq filmlərdəki obrazları səsləndirməyə dəvət edir, böyük sənətkarın səsindən daha çox bəhrələnirdilər.
Görkəmli kinorejissor Ağarza Quliyevin çəkdiyi “Qara Daşlar” filmində ilk dəfə rus neftçisi rolunu səsləndirən aktyor bundan sonra “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Bizim küçə” filmində Lars, “Sehrli xalat”da İo-Kio, “Uzaq sahillərdə” filmində Tinti, “Yenilməz batalyon”da Kolpakov, “Dədə Qorqud”da Bayandır xan, “Skripkanın sərgüzəşti”ndə Besfamilnı və başqa yadelli aktyorların canlandırdığı obrazlara səsi ilə bir daha baxımlılıq qazandırdı, ekran əsərlərindəki ideyanı, amalı mənalı səs üslubunda yaradıcılıq prosesinə çevirdi. Göründüyü kimi, aktyorun səsləndirdiyi personajlar kinoda ifa etdiyi rollar kimi dramatikdir.
Xarakterik rollar kinonun aparıcı qüvvəsidir. İctimai və şəxsi keyfiyyətlərin sintezi əsasən dramatik obrazların məzmununu yaradır və təhlil edir. Yusif Vəliyevin səsinin sehrində, fərdi keyfiyyətlərin cəmində müxtəlif sosial mühitin ab-havasını hiss edirik.
“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir çox filmlərdə: “Dağlarda döyüş” kino dramında Sərxan (Rza Əfqanlı), “Axırıncı aşırım”da Kərbəlayı İsmayıl (Adil İsgəndərov), “Dərviş Parisi partladır”da Dərviş (Mirzə Babayev), “Həyat bizi sınayır”da Sadıq (Sadıq Həsənzadə), “Vacib müsahibə”də Cəbrayıl (Rza Təhmasib), “Yeddi oğul istərəm”də Kərəm (Məmmədrza Şeyxzamanov) və onlarla xarakterik obrazlar mənalı, əzəmətli, ahəngdar səsin təqdimatında fikir və istəklərini əsaslı şəkildə diktə etdi, yadda qaldı, xatırlandı.
Milli kinomuzda 10-dan artıq filmdə bənzərsiz obrazlar yaradan aktyor rejissorların sevimli sənətkarı, həmçinin peşəkar dublyaj ustası idi. Rejissorların dəqiq seçiminə əsasən ifası və səsi ilə məşhurlaşan aktyor tədricən milli kinomuzun simasına çevrildi.
Əməkdar mədəniyyət işçisi, dublyaj rejissoru Arif Həbibi sənətkarla olan işbirliyindən söhbət açarkən deyir: “Yusif Vəliyev mənim ən çox sevdiyim, hörmət etdiyim aktyor olub. Onunla dublyajda assistent olduğum vaxtdan (1967) tanış idim. Həmişə ona səsləndirmək üçün rol verəndə deyirdi ki, Arif, məni tələsdirmə. Mikrofonun qarşısında rolu əvvəlcə yaxşı oxuyurdu, mənimsəyirdi sonra səsləndirirdi.
“Kral Lir” filmini dublyaj edəndə Yusif Vəliyevə səsləndirməyə Kent rolunu verdim. Baş rolu ona vermədiyim üçün yaman incidi məndən. Narazı halda üzümə baxdı, amma heç bir söz demədi. Rolu qəbul edib peşəkarlıqla da səsləndirdi. Ümumiyyətlə, bu filmdə Kral Liri səsləndirmək ürəyindən keçən aktyorlardan Həsən Əbluc, Sadıq Hüseynov və Yusif Vəliyev məndən bərk incimişdilər. Vəliyevin bir xasiyyətinə də təəccüb edirdim. Heç vaxt məndən alacağı qonorarın məbləğini soruşmazdı.
Bir dəfə xarici filmlərdən birində səsləndirmək üçün ona baş rolu verdim. Adətən səsləndirməni aktyorların tamaşalardan boş olan vaxtına görə aparırdıq. Əvvəlcə müxtəlif hissələri ayrı-ayrı yazıb sonra montaj edirdik. Belə oldu ki, filmin səsləndirilməsi zamanı Yusif Vəliyev ürəyindəki problemlə bağlı xəstəxanada yatmalı oldu. Bütün hissələr yazıldı, təkcə ona aid olan yerlərdən başqa. Vaxt keçir, mənsə filmi təhvil verə bilmirdim. Belə qərara gəldim ki, xəstəxanaya gedib vəziyyəti Yusif Vəliyevə danışım. Belə də etdim. Ona həkimdən icazə alıb studiyaya aparmaq istəyimi bildirəndə o özü də “Arif, bilirəm ki, səni pis vəziyyətə qoymuşam. Əgər həkim icazə versə, gedək yazaq” dedi. Müalicə həkimi gəldi, vəziyyəti ona danışdım. Başa saldım ki, əgər film vaxtında təhvil verilməsə, maaşımızdan tutula, töhmət ala bilərik. Həkim cavabında bildirdi ki, əgər məsuliyyəti öz üzərimə götürürəmsə, yazıb imza atmalıyam. Yalvar-yaxardan sonra Yusif Vəliyevi maşınıma qoyub studiyaya apardım. Səsyazmanı bitirib xəstəxanaya gələndə Yusif müəllim xahiş etdi ki, əvvəlcə onu evlərinə aparım beşdəqiqəlik evə dəyib qayıdacaq. Mən də razılaşdım. Onu yaşadığı binanın qarşısında gözləməyə başladım. Xeyli keçdi o, isə hələ də gəlib çıxmaq bilmirdi. Bir müddət sonra gələndə mən narahat halda, Yusif müəllim, belə olmaz axı, dediniz evə dəyib qayıdacam, neçə dəqiqədir ki, gözləyirəm. Həkimlərə nə cavab verəcəm deyə onu məzəmmət edəndə o, mənə “heç evə gedə bildim ki?...” deyə cavab verdi. Mən “Necə yəni” deyə soruşdum. O isə “Bayaqdan liftin içində qalmışam. Səs-küy saldım gəlib məni çıxartdılar” deyəndə həyəcandan canımı tər basdı. Olacaqları göz önündə canlandırdım və düşündüm ki, ürəyi xəstə adam, özü də liftin içində tək... özümə söz verdim ki, bir də belə risk eləməyim. Yusif müəllimi xəstəxanaya çatdıranda həkimlər də onu gecikdirdiyim üçün məni məzəmmət etdilər. Amma bu hadisədən sonra onunla mənim dostluğum daha da möhkəmləndi. Biz bir daha başa düşdük ki, əslində, hər birimiz özümüzdən asılı olmayaraq sənət üçün hər bir şeyi gözə almışdıq”.
Bəli, fransız yazıçısı Romen Rollanın təbirincə desək, “həyatın bütün sevinci yaradıcılıqdadır”. Yusif Vəliyev də sənət nailiyyətlərini həyatının hər bir məqamına, anına yansıdırdı. Yaxşı bilirdi ki, onun daxili sevinci, qüruru, güvəni həyatından da artıq dəyər verdiyi sənətindədir.
Xalq artisti, tanınmış kinoaktyor Şamil Süleymanlı Yusif Vəliyevi sənətinin sərkərdəsi adlandıraraq xatırlayır: “Yusif Vəliyev mərd xüsusiyyətli idi. O, gələndə hamı özünü yığışdırırdı. Yadımdadı, “Tütək səsi” filmi çəkiləndə biz fasilələrdə və ya çəkilişə hazırlıq müddətində pürrəngi çay dəmləyirdik. Böyük həvəslə də Yusif Vəliyevi, həmçinin Məmmədrza Şeyxzamanovu çay süfrəsinə dəvət edirdik. Söhbət əsnasında da xahiş edirdik ki, bizə sənət istiqaməti versinlər. Onlar da böyük məmnuniyyətlə sənət bilgilərindən bizlərə pay bölürdülər.
Yusif Vəliyevin maraqlı sənət priyomlarından biri də unutduğu sözləri kamera qarşısında məharətlə əvəzləməsində idi. O, çox zaman rolun sözlərini unudurdu. Bu teatrda o qədər də hiss olunmurdu. Çünki məşqlər olurdu, tamaşalar təkrar göstərilirdi, sözləri əzbərləmək olurdu. Kino isə belədir ki, kamera qarşısına keçirsən və kadr alınmalıdır. Mən “Tütək səsi” filminin çəkilişləri zamanı həmişə Yusif müəllimi mətnə əsasən izləyirdim, amma onun çaşdığı məqamı tuta bilmirdim. O qədər ustalıqla mövzunu davam etdirirdi ki, çaşdığını hiss etmirdim.
O vaxtlar indiki kimi kafe-restoranlar çox deyildi. Biz fasilə zamanı evdən gətirdiyimiz yeməkləri yeyirdik. Yusif müəllim də evdən gələn xörəyi qarşısına qoyanda hamıya təklif edirdi, kimisə qonaq edirdi, sonra süfrəyə əl uzadırdı. Yeməyini mütləq bizlərlə bölüşürdü. Biz ondan çox çəkinirdik. Yaxınlaşmağa ürək eləmirdik. Düşünürdük ki, birdən bizə sual verər, biz də bilmərik, pərt olarıq... Çünki həmişə bizi yanına çağıranda müxtəlif suallar verirdi. Verdiyi sualların cavabını eşitdikdə isə “Doğrudan?...” deyə maraqla soruşur və növbəti sualını verirdi. Amma biz sonra bilirdik ki, o, sualların cavabını çox gözəl bilirmiş, sadəcə olaraq bizi söhbətə tutmaq üçün soruşurmuş...
Yusif müəllimlə bağlı bir hadisəni həmişə zövqlə xatırlayıram: bir gün onu Mərkəzi Univermaqda gördüm. Deyəsən, hədiyyə almaq üçün nəsə axtarırdı. Birdən onun yaxınlaşdığı bölmədə alıcı ilə satıcı arasında mübahisə düşdü. Bundan narahat olan Yusif müəllim ucadan qeyzlə “Boooy” deyə səsləndi. Bu an Yusif müəllimə tərəf dönənlər əvvəl təəccüblə ona baxdılar, sonra isə hər ikisi üzr istəyərək “Bağışlayın, Yusif müəllim, sizi görmədik” deyə üzrxahlıq etdilər. Bu jest insanların ona olan dərin ehtiramının, hörmətinin və böyük sevgisinin sübutu idi”.
Şəhla ƏMİRLİ
kinoşünas