Novruz bayramının qeyd olunması qədim tarixə malik olsa da, onun ənənələrinin insanlara bəxş etdiyi sevinc hisslərinin bədiiləşdirilməsinə xeyli gec – sovet dönəmində başlanılıb.
Rəssam sənətində milli kadrların azlığı qabarıq duyulduğu ötən əsrin otuzuncu illərində bu addımı Xalq rəssamı Əzim Əzimzadə atıb. Heç şübhəsiz, bu, milli dəyərlərin qorunmasına və təbliğinə maneələr yaradan sovet ideoloqlarının xoşuna gəlməsə də, o zamanlar təsviri sənətimizin şəriksiz lideri olan görkəmli karikatura ustası milli bayramımızın ənənələrinin bədiiləşdirilməsini həm də özünün vətəndaş borcu saymışdı.
Bayramın çoxsaylı ənənələrinin mövcudluğu rəssama bu mövzuda silsilə əsərlər yaratmağa imkan vermişdir. Bu mənada “Novruz bayramı” (1930, 1938), “Kosa-kosa oyunu” (1930), “Kəndirbaz” (1935, 1938), “Tonqal üstündən tullanmaq” (1937), “Şeytan, təlxək və keçəl” (1939) əsərləri adət-ənənələrimizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
“Novuz bayramı” (1930) əsərində rəssam bayramın gəlişini davranışlarında əks etdirən Bakı əhalisini görüntüyə gətirmişdir. Qədim məkanda cərəyan edən süjetə daxil edilmiş çoxsaylı insan obrazları öz hərəkətləri ilə bayram ovqatını əyaniləşdirmişlər. Ümumi kompozisiyanı yaxın-uzaq və orta plana bölən rəssam onlar arasında axıcı-ritmli əlaqə yaratmaqla, son nəticədə əsərin bədii bütövlüyünə nail olmuşdur. Ön planda iki uşağı ilə gəzintiyə çıxan bir varlının tanışı ilə görüşüb bayramlaşmasını, digərinin isə əli sovqatlı oğlu ilə qələbəlik duyulan küçəyə doğru irəliləməsini, bir qədər arxa planda yumurta döyüşdürənlərlə digər iki nəfərin bir-birilə səmimi görüşməsini və baqqal dükanındakı alış-verişi təsvir edən müəllif, arxa planda küçə ilə irəliləyən məzhəkəçiləri və cəmiyyətin müxtəlif təbəqələrinin bayram qayğıları ilə baş-başa qalmış insanlarını da görüntüyə gətirməklə, şəhərdə yaşanan əhval-ruhiyyəni inandırıcı tutumda bədiiləşdirə bilmişdir. Bütün bu çoxsaylı insan təsvirləri köhnə tikililərin işıqlı daşlarının yaratdığı fon-yerlikdə kifayət qədər görünəndir. Əsərin cəlbediciliyinə xidmət edən bu cür bədii şərh həm də “süjetlər toplusu”ndan ibarət olan kompozisiyanın gözoxşayan ritminin aydınlığını təmin edərək xüsusi ixtisas təhsili almayan Əzim Əzimzadənin mürəkkəb tutumlu qrafik lövhələr yaratmaq istedadının daha bir nümunəsi kimi qəbul olunur...
Zamanında paytaxtın hər bir məhəlləsində peyda olması ilə ətrafına çoxlu tamaşaçı toplayan kəndirbazlara iki qrafik lövhə həsr edən rəssam bu əsərlərində onların insanlara bəxş etdikləri sevinc hisslərinin ifadəsinə çalışmışdır. “Kosa-kosa oyunu”nu bədiiləşdirən görkəmli fırça ustası Novruz bayramında əhalinin sevə-sevə izlədiyi əyləncənin məzmununu və nikbin ovqat daşıyıcılığını göstərmək istəmişdir.
“Od üstündən tullananlar” əsərində də daha bir bayram ənənəsinin bədiiləşdirilməsinə şahidlik edirik. Dünyamızın yaranmasında duyulası rolu olduğuna inamı olan insanların Novruzun gəlişi ilə odu xatırlamaları da təsadüfi deyil. Rəssamın bu mərasimə uşaqlarla yanaşı yaşlıların da münasibətini əyaniləşdirməklə çox cəlbedici bir lövhənin yaradılmasına nail olmuşdur.
Sovet dönəmində – ötən əsrin altmışıncı illərində Novruzun ilk dəfə ümumxalq bayramı kimi qeyd olunmasından sonra onun tarixinə rəssamlarımızın müxtəlif nəsillərinin bədii münasibəti də daha geniş səciyyə qazandı. Bunun nəticəsində xalqımız üçün çox əziz olan bayramın tarixini, onun irs yaddaşımızda əbədiləşən ənənələrini əks etdirən əsərlərdən ibarət bədii “Novruz ensiklopedyası” yarandı.
Bu çox əhəmiyyətli bədii saxlancda Xalq rəssamı Səttar Bəhlulzadənin yaratdığı “Azərbaycan nağılı” tablosu xüsusi yer tutur. Onun 1970-ci ildə çəkdiyi monumental tutumlu tablo bu mövzuda yaradılmış ən yaddaqalan əsər sayılır. Bu lövhədə süjetli tablo, mənzərə və natürmort janrlarını uğurla birləşdirən rəssam kompozisiyanın kifayət qədər təsirliliyinə nail olmuşdur. Doğrudan da, zirvəsi qarlı dağların ətəyində təsvir olunmuş başı xonçalı qız-gəlinlərin, budaqları qaranquşlu gül açmış ağacların və ön planda təsvir olunmuş bayram xonçasının vəhdətini özündə əks etdirən iri tabloda Novruzun nikbin və ovqatyaradıcı ruhunu duymaq mümkün idi. Onun mavi, zümrüdü, çəhrayı və bəyaz rənglərlə ifadə etdiyi xoş əhval-ruhiyyə cəlbedici və yaddaqalan idi...
S.Bəhlulzadə sonrakı illərdə də bu mövzuya marağını azaltmamış və bir-birindən maraqlı əsərlər yaratmışdır. Onun bahar ətirli lövhələrində həm də bu mövzunun tükənməzliyini görmək mümkündür. Rəssamın “Bahar nəğməsi”, “Xonçalar”, “Gəlin guşəsi”, “Bahar gələndə”, “Oyanış”, “Lalələr”, “Piti”, “Yaşıl xalı”, “Nərgizlər”, “Heyva çiçəkləyəndə” lövhələri bunun təsdiqidir...
Etiraf edək ki, ötən əsrin son qərinəsində və yeni yüzilliyin arxada qalan iyirmi ilində Novruz ünvanlı çoxsaylı əsərlər yaradılsa da, ənənəviləşən mövzuya yeni baxış az hallarda müşahidə olunmuşdur. Bu mənada tanınmış qrafika ustası, Xalq rəssamı Arif Hüseynov və Ağaəli İbrahimovla yanaşı, çoxlarının tanımadığı Nəcməddin Hüseynovun yaratdığı unikal tutumlu əsərin adını çəkmək istərdik.
Arif Hüseynovun “Novruz” qrafik silsiləsini, sözün əsl mənasında, bayramın bədii ensiklopediyası hesab etmək olar. Burada neçə-neçə bayram oyunu-əyləncəsi yer almışdır. Rəssamın “Kəndirbazlar”, “Qulaq falı”, “Yumurta döyüşdürənlər”, “Novruzda”, “Əjdaha ili” və s. əsərlərində Novruzun bənzərsiz ruhunu duymaq mümkündür. Bu qrafik nümunələrin bədii həllində miniatür estetikasından yaradıcılıqla istifadə həmin əsərlərə özünəməxsus milli ruh bəxş etmişdir, desək, həqiqəti söyləmiş olarıq.
Xalq rəssamı Ağaəli İbrahimovun 1984-cü ildə çəkdiyi çoxfiqurlu rəngkarlıq tablosu zamanında bədii məkanımızda hadisə kimi dəyərləndirilmişdi.
Rəssam kompozisiyada daxili estetikanı milli ruha bələyə bilməsi sayəsində iriölçülü tablonu cəlbedici və yaddaqalan mənəvi dəyər daşıyıcısına çevirə bilmişdir...
Qazax rayonunda yaşayan Nəcməddin Hüseynov tərəfindən ərsəyə gətirilən “Müharibəli Novruz” rəngkarlıq tablosu, zənnimizcə, bayrama həsr olunmuş sənət nümunələrinin ən təsirlisidir. Burada Qarabağ cəbhəsindəki əsgərlərimizin bayram süfrəsi görüntüyə gətirilmişdir. Cəbhədəki gərgin vəziyyət əsgərlərə səməni göyərtməyə imkan vermədiyindən, onlar yaşımtıl rəngə çalan döyüş güllələrinin belinə qırmızı parça zolaq bağlamaqla onu “səməni”yə döndərmiş, rəngli yumurtaları isə iki döyüş qumbarası ilə əvəzləmişlər. Bu, doğrudan da, obrazlı bədii ifadəsinə görə çox gözlənilməz və təsirli bir kompozisiyadır...
Görkəmli qrafika ustası, Xalq rəssamı Altay Hacıyevin (“Bahar qızı”, “Novruz oyunları”, “Novruz duyğuları”), Xalq rəssamı Fərhad Xəlilovun (“Bayramda”), tanınmış rəngkar Vaqif Ucatayın (“Novruz süfrəsi”, “Novruz Pəhləvan”), Xalq rəssamı Rasim Babayevin (“Bayramda”, “Novruz”, “Bayram yükü”) və Xalq rəssamı Sakit Məmmədovun (“Bahar qızı”) əsərlərində bayram sevinclərinə tutulan “bədii güzgü” duyulası nikbinliyi ilə yadda qalır.
Rəssamlarımızın Novruz qayğılarına həsr olunmuş əsərlərini də etnoqrafiyamızın zənginliyini əks etdirən mənəvi qaynaq hesab etmək olar.
Xalq rəssamları Elmira Şahtaxtinskayanın “Bayrama hazırlıq”, Cəmil Müfidzadənin “Bayram yaxınlaşanda”, Elbəy Rzaquliyevin “Novruz bayramı”, Xalidə Səfərovanın “Novruz”, Tofiq Ağababayevin “Bayramınız mübarək”, Mayis Ağabəyovun “Nağıllı Novruz”, Əməkdar rəssam Ələkbər Rzaquliyevin “Gəlinə bayram hədiyyəsi aparırlar”, Arif Ələsgərovun “kəndirbazlar”, eləcə də Günay Mehdizadənin “Bahar qızı”, Vüqar Əlinin “Novruz qaranquşları”, Orxan Hüseynovun “İçərişəhərdə bayram” və b. əsərləri bu qəbildəndir.
Dekorativ-tətbiqi sənət ustalarımız da xalqımızın əziz bayramına öz yaradıcılıq töhfələrini vermişlər. Bu mənada görkəmli xalça ustası, Xalq rəssamı Eldar Mikayılzadənin, keçəçi Rauf Əbdülhüseynoğlunun, keramika ustası Nailə Sultanın və rəssam Sənubər Səmədovanın adını çəkmək olar.
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor