Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Dövlət başçısının müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.

Eyni zamanda, müxtəlif dövlət qurumları, müəssisə və təşkilatlar, eləcə də vətəndaşlar tərəfindən  Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlər köçürülür, ianələr edilir.

Bu təşəbbüsə Mədəniyyət Nazirliyi, nazirliyin idarələri, mədəniyyət müəssisələri də qoşulub.  Mədəniyyət Nazirliyi Aparatının əməkdaşları üçün 2020-ci ildə nəzərdə tutulan bir aylıq mükafat məbləği (100 000 manat həcmində) hər bir əməkdaşın razılığı ilə könüllü olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi qərara alınıb.

Regional mədəniyyət idarələri tərəfindən də Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülüb. Mədəniyyət Nazirliyinin strukturuna daxil olan Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı, Lənkəran regional mədəniyyət idarələri Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 71 min manat məbləğində ianə edib.

Koronavirusla Mübarizəyə Dəstək Fondu haqqında ətraflı bu linkdə:

http://covid19fund.gov.az/az/