Azərbaycan mədəniyyətinə və teatr sənətinə itki üz verib. Əməkdar rəssam, Yuğ Dövlət Teatrının baş rəssamı Rəşid Şerif (Həsənov) martın 26-da, ömrünün 67-ci ilində vəfat edib.
Rəşid İbrahim oğlu Həsənov (Rəşid Şerif) 1953-cü il sentyabrın 29-da Bakının Mərdəkan qəsəbəsində anadan olub. 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirib, həmin ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamı vəzifəsində çalışmağa başlayıb. 1989-cu ildən – Yuğ Teatrının yarandığı vaxtdan burada baş rəssam kimi fəaliyyət göstərib.
Rəşid Şerif bu müddətdə Yuğ Teatrında tamaşaya qoyulan “Açar” (Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması əsasında), “Səma” (Şah İsmayıl Xətai), “Leyli demə”, “Yol”, “Dad”, “Bəlayi-eşq”, “Yar”, “Rüsva”, “Əfğan”, “Rindü-şeyda” (Məhəmməd Füzuli), “Sentimental vals”, “Birinci akt” (Anton Çexov), “Yasaq” (Əbülqasım Firdovsi), “Gəl gedək”, “Gündoğan”, “Bircə qarış” (Ramiz Rövşən), “Ümid” (Semuel Bekket), “Təskinlik verməyi unutmayın” (Antuan de Sent-Ekzüperi), “Audiensiya”, “V ölçü”, “Uzun, incə bir yoldayam” (Vaqif İbrahimoğlu), “Dürlü xəbər” (“Kitabi-Dədə Qorqud”), “Solğun çiçəklər” (Cəfər Cabbarlı), “Ən gülməli ölü” (Vaqif Bayatlı), “Rənglər” (Rəsul Rza), “Cənab Ö” (Cəlil Məmmədquluzadə), “Otello” (Vilyam Şekspir), “Hop-hop” (Mirzə Ələkbər Sabir), “Sən həmişə mənimləsən” (İlyas Əfəndiyev), “Dəvə yağışı”, “Axırdan sonra”, “Bir, iki - bizimki...” (Kamal Abdulla), “Olsun” (Yunus İmrə), “Midasın qulaqları” (Güngör Dilmen), “Can üstə” (Afaq Məsud), “O susurdu” (Süqoro Yamamoto), “Kafkadan salam” (Frans Kafka), “Naməlum Axundzadə” (Mirzə Fətəli Axundzadə) kimi 80-dən artıq tamaşaya səhnə tərtibatı verib. 2003-cü ildə Estoniyanın (Vilyandi şəhəri) “Uqala” teatrında “Dekameron” tamaşasının quruluşçu rəssamı olub.
Rəşid Şerif həmçinin 1992-ci ildən karikaturaçı rəssam kimi bir sıra qəzetlərlə əməkdaşlıq edib, 1996-2000-ci illərdə “İlin ən yaxşı karikaturaçısı” nominasiyası üzrə “Media açarı” mükafatına layiq görülüb. 1997-ci ildən Türkiyədə Aydın Doğan Beynəlxalq karikatura müsabiqəsinin daimi iştirakçısı, 1998-ci ildə Qazaxıstanda “İnsan hüquqları: ikinci nəfəs” Beynəlxalq sərgi-seminarının iştirakçısı olub.
Rəssamın Bakı İncəsənət Mərkəzi (Bakı, 1995), Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi (Bakı, 1996), “Adile Naşit” Mədəniyyət Mərkəzi (İstanbul, Türkiyə, 1991), “Kodolinna Mayas” qalereyası (Tallin, Estoniya, 2003) kimi məkanlarda sərgiləri keçirilib. Həmçinin Azərbaycan teatr rəssamlarının “Retrospektiv” (Bakı, 2005) adlı sərgisinin iştirakçısı olub. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar rəssam fəxri adına layiq görülüb.
Rəşid Şerifin xatirəsi onu tanıyanların və sənətini sevənlərin qəlbində yaşayacaq.
Allah rəhmət eləsin.