Son illər mədəni irsimizin müasir informasiya texnologiyaları vasitəsilə yayılması, hər kəs üçün əlçatan olması istiqamətində çoxlu layihələr həyata keçirilib. Koronavirus pandemiyası dövründə mədəniyyətə olan marağın azalmaması və insanların mədəniyyətlə bağlı daha çox məlumatlar əldə etməsi üçün bu layihələr xüsusi önəm kəsb edir.
Mədəniyyət naziri Əbülfəs Qarayev bu fikri “Real” televiziya kanalına müsahibəsində vurğulayıb.
Koronavirus (COVİD-19) infeksiyası ilə bağlı, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da zəruri tədbirlərin həyata keçirildiyini deyən nazir qeyd edib ki, karantin rejimində mədəniyyət müəssisələrinin işi dayandırılsa də, müasir texnologiyalar bu fəaliyyəti müəyyən məcrada davam etdirməyə imkan verir.
Bu gün hər kəs Azərbaycan Milli Kitabxanasının, başqa kitabxanalarımızın fondlarında yer alan kitablardan elektron formatda istifadə edə bilər. Muzeylər öz ekspozisiyalarını elektron vasitələrlə nümayiş etdirir. Nazirliyin “Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı”nda müxtəlif musiqi alətləri üzrə nümunəvi ustad dərslərinin videodərsləri təqdim olunur.
Əbülfəs Qarayev bu xüsusda “Mədəniyyət” kanalı ilə birgə ərsəyə gətirilən “Bizi birləşdirən mədəniyyət” adlı telelayihələrin, həmçinin Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı tərəfindən irəli sürülən “Evdə qal, evdə yarat” təşəbbüsünün əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bu istiqamətdə yeni addımlar da atılır. “Mövcud vəziyyətdə bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğini davam etdirəcək, mədəni irsimizin zənginliyini insanlarımıza çatdırmağa çalışacağıq”, – deyə Əbülfəs Qarayev vurğulayıb.
Xəbərin video variantına bu linkdən baxa bilərsiniz.