Bu günlərdə fəlsəfə doktoru İmran Axundovun “Fatma Muxtarova” adlı monoqrafiyası ilə tanış oldum. Altı fəsildən ibarət olan monoqrafiyada Azərbaycanın Xalq artisti, ilk peşəkar opera müğənnilərimizdən biri, metso-soprano Fatma Muxtarovanın həyatı, yaradıcılığı, həmçinin müxtəlif şəhərlərin opera səhnələrində ifa etdiyi mürəkkəb partiyalar geniş şəkildə tədqiq və təhlil olunur. 

Görkəmli opera müğənnisi Fatma Abbas qızı Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Kiçik yaşlarından ailəsi ilə birlikdə Rostova, sonra isə Peterburqa köçüb. Burada atası Abbas Rzayev vəfat edəndən sonra anası Sara xanım Səttar Muxtarov adlı bir nəfərlə ailə həyatı qurub. 1910-cu ildə ailə Saratova köçüb. Fatma Muxtarova şarmanka musiqi alətində küçələrdə mahnılar oxumaqla qazandığı pulla ailəsinin dolanışığına yardım etməyə çalışırdı. Onu Saratovda “Katya Muxtarova” və ya “Şarmankaçı Katya” olaraq tanıyıblar.

İmran Axundovun monoqrafiyasının birinci fəsli “Küçə müğənnisinin həyatı və ilk təhsil illəri” adlanır. Bu fəsildə tarixi mənbələrə istinadla Fatma Muxtarovanın çətin, əzablı həyat yoluna ətraflı nəzər salınır. Fitri istedadını böyük sənətdə  reallaşdırmaq arzusu ilə yaşayan Fatma Muxtarova “Saratovski listok” qəzetinin baş redaktoru Nikolay Arxangelski ilə tanışlığı sayəsində bu yolda ilk addımı ata bilir. Baş redaktor musiqi məktəbində onun üçün xeyriyyə konserti təşkil edir və konsertdə toplanan pullar Fatmanın Saratov konservatoriyasında təhsilə başlamasına kifayət edir.

Monoqrafiyanın “Yaradıcılığının başlanğıc dövrü” adlı ikinci fəslində Fatma Muxtarovanın 1913-cü ildə ilk dəfə Bakıya gəlməsindən, burada iştirak etdiyi konsertin müvəffəqiyyətindən söz açılır. “Kaspi” qəzetinin 21 iyun 1913-cü il tarixli sayında konsert barədə məlumat dərc olunur.

Konservatoriyada iki il təhsil alan Fatma Muxtarova Saratovdan Moskvaya gedir və orada məşhur musiqiçi Fyodor Şalyapinlə tanış olur. Konservatoriyanı bitirdikdən sonra o, Moskva, Saratov, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və s. şəhərlərin opera teatrlarında çıxış edir. Daha sonra Şalyapinin vasitəsilə Ziminin opera teatrına dəvət olunaraq 1917-ci ilədək orada fəaliyyət göstərir.

Fatma Muxtarovanın yaradıcılığından söhbət düşərkən Xalq artisti, görkəmli bəstəkar Əfrasiyab Bədəlbəyli yazır: “Yaxın və Orta Şərq xalqları içərisində ümumbəşər vokal sənəti üslubuna ilk dəfə yiyələnən bizim Azərbaycan xalqımız olub və bu yolda Fatma Muxtarovanın göstərdiyi hünər misilsizdir”.

1928-29-cu illərdə Fatma Muxtarova Bakıda indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fəaliyyət göstərib və onun yaradıcılıq fəaliyyətinin 15 illiyi 1929-cu il martın 15-də Bakıda qeyd edilib. Bu haqda müəllif İmran Axundov yazır: “Tamaşa salonu ağzına qədər dolu idi. Bu yubiley yalnız Azərbaycan operasının deyil, ümumiyyətlə, sovet opera sənətinin təntənəsi idi”.

Fatma Muxtarova 1938-1953-cü illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı solisti olub və konsert proqramları ilə də çıxışlar edib. İmran Axundov kitabda Fatma Muxtarovanın tembrinə görə qüvvətli metso-soprano səsin sahibi olaraq bu cür səs üçün yazılan çətin partiyaların öhdəsindən çox məharətlə gəldiyini qeyd edir. Monoqrafiyada Fatma xanımın ifa etdiyi “Qaratoxmaq qadın” operasında Polina, “Mazepa” operasında Lyubov, “Qar qızı” operasında Bahar, “Çar gəlini” operasında Lyubaşa, “Xovanşina”da Marfa, “Faust” operasında  Zibelin və başqa partiyalar haqqında müfəssəl məlumat verilərək təhlil edilir. Müəllif aktrisanın yaradıcılığının zirvəsi sayılan Karmen (“Karmen” – J.Bize) partiyasından xüsusi bəhs edərək yazır: “Opera sənətinə dərindən bələd olan ... peterburqlular Fatma Muxtarovanı da bu rolda qəbul etdilər və onun yaradıcılığını sevdilər...”.

Monoqrafiyanın üçüncü fəslini “Müxtəlif səhnələri fəth edən sənət” adlandıran İmran Axundov çətin, lakin şərəfli yaradıcılıq yolu keçən Fatma Muxtarovanın  Şərqdə vokal sənətinin  inkişafında böyük xidmətləri olduğunu xüsusi qeyd edir. Müəllif həmçinin 1949-cu ildə Fatma Muxtarovanın iki operada iki böyük partiya ilə çıxış etməsini diqqətə çatdırır. Bunlardan birincisi Jorj Bizenin “Karmen” operasında (rejissor İ.Hidayətzadə, dirijor Ə.Həsənov) Karmen, ikincisi isə Cüzeppe Verdinin “Trubadur” operasında (rejissor  P.Tveretski, drijor V.Traximoviç) Azuçena partiyalarıdır.

“Köhnə ibarəylə desək, Muxtarovanı “külçə qızıl”, “təbiət övladı” adlandırmaq olar. Təbii xüsusiyyətlərdən onda etibarlılıq, sadəlövhlük, uşaqəminliyi və qeyri-adi yumşaq qəlblilik və nikbinlik daha çox üstünlük təşkil edirdi” – deyə İmran Axundov yazır.

Monoqrafiyanın dördüncü fəslində (“Böyük sənətin təntənəsi”) 1928-29-cu il teatr mövsümünün sonlarında Fatma Muxtarovanın Moskvada, Böyük Teatrda üç məşhur operada – C.Verdinin “Aida”, J.Bizenin “Karmen” və Rimski-Korsakovun “Çar gəlini” operalarında uğurlu çıxışından bəhs edir: “O dövrün qaydalarına görə, dirijor V.İ.Suk ilk tamaşaya bir neçə gün qalarkən F.Muxtarovanı dinləməli idi ki, görsün, bu aktrisa-vokalist onun tələblərinə cavab verir, ya yox. Fatma xanım bu yoxlanışa əvvəlcədən hazır idi. O, baş rejissorla şəxsən işləyən konsertmeyster ilə tanış olaraq onunla məşq etmək üçün razılıq almışdı. Böyük Teatrda ifa edəcəyi bütün partiyaları konsertmeyster ilə işləmişdi. Fatma xanımı dinləmə zamanı bəstəboy, arıq, əlində əsa tutan baş dirijor Vyaçeslav Suk ona qulaq asmağa gəlir. Baş dirijor onu dinlədikdən sonra başa düşür ki, konsertmeyster ilə məşğul olub. Vyaçeslav İvanoviç Fatma xanımdan heç bir irad tuta bilməyib, ona təşəkkür edir.  F.Muxtarova Böyük Teatrda “Aida” operasında Amneris partiyasını da müvəffəqiyyətlə ifa edir”. 

Onu da qeyd edək ki, Böyük Teatrın rəhbərliyi F.Muxtarova ilə danışıqlar aparıb, onun orada qalıb fəaliyyət göstərməsini istəyib. Bu haqda İmran Axundov yazır: “Təklif olunan bəzi şərtlər Fatma xanımın ürəyincə deyildi. O, odla-su arasında qalmışdı. F.Muxtarovanın Böyük Teatrda hörməti az deyildi. Orada çalışan məşhur aktrisalar da Fatma xanımın burada həmişəlik işləməsindən bərk narahat idilər”.

Müəllif monoqrafiyanın beşinci (“Səhnə fəaliyyətinin orta və son dövrü”) və  altıncı (“Məktub və teleqramlarda yaşanan ömür”) fəsillərində də sənətkarın həyat və fəaliyyətinə geniş nəzər salmaqla onun yaradıcılığını, insani keyfiyyətlərini oxucuya daha yaxından tanıdır.   

Ömrünün böyük bir hissəsini Azərbaycan opera sənətinə həsr edən Xalq artisti Fatma Muxtarova haqqında fəlsəfə doktoru İmran Axundovun qələmə aldığı monoqrafiya teatrşünaslar, sənətşünaslar üçün böyük maraq kəsb etməklə yanaşı, görkəmli sənətkarın səhnə fəaliyyəti ilə bağlı gələcəkdə aparılacaq tədqiqatlar üçün də təqdirəlayiq mənbədir.

Anar BURCƏLİYEV
teatrşünas