Dünya Səhiyyə Təşkilatının başlatdığı "Evdə qal – həyatları xilas et" aksiyasına artıq cəmiyyətin bütün təbəqələri, o cümlədən mədəniyyət xadimləri də qoşulub. Sənətçilərimiz yaranmış vəziyyətdə hər kəsi hökumətin koronavirus infeksiyasına qarşı qabaqlayıcı və zəruri karantin tədbirlərinə riayət etməyə çağıraraq, eyni zamanda, bu şəraitdən faydalanmağı məsləhət görürlər.

Xalq artisti, görkəmli xanəndə Mənsum İbrahimov bununla bağlı cəmiyyətə ilk çağırış edənlərdəndir. Xalq artisti Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir aylıq əmək haqqı məbləğini ianə edib. 

Mənsum İbrahimov həmçinin incəsənət xadimlərinə müraciət edib: “Bu gün dünyamız çətin bir imtahan qarşısındadır. Biz xalq olaraq birlikdə bu imtahandan çıxacağıq. Ölkəmizin Prezidenti gözəl bir təşəbbüs edərək özünün bir illik əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi. Mən də bir sənət adamı kimi bu təşəbbüsə qoşulur və imkanı olan mədəniyyət xadimlərini bu aksiyaya qoşulmağa çağırıram. Allah xalqımızı qorusun. Biz birlikdə güclüyük".

Xalq artisti İlham Namiq Kamal bildirib ki, belə bir vəziyyətdə karantin rejimimin tətbiqi insanların xeyrinə olan qərardır: “Həyatda çətin günlər olur, belə vaxtlarda insanlar dözümlü, səbrli və həmrəy olmalıdır. Bir şeyi unutmamaq lazımdır. Hər bir insanın özünü qorumağı, bütün cəmiyyəti, xalqı qorumaq deməkdir. Ona görə də, qaydalara tək özümüz üçün deyil, cəmiyyətimiz üçün əməl etməliyik. Hazırda mən və ailəm birlikdə karantin rejiminə riayət edərək, evdə qalırıq. Bu dövrdə insanların bir-biri ilə görüşməsi əvəzinə evdə oturub ailələri ilə zaman keçirmələri daha məqsədəuyğundur. Bu qərar həm də ailələrdə mehribanlığı, yaşlılara və uşaqlara olan diqqəti artıracaq. Əsasən də valideynlər evdə qaldığı müddətdə övladlarına daha çox zaman ayıra bilərlər”.

Koronovirusa qarşı həyata keçirilən maarifləndirici mübarizə tədbirlərinə Akademik Milli Dram Teatrının sənət xadimləri də qoşulub. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii-rəhbər direktoru, Xalq artisti Azər Paşa Nemətov, xalq artistləri Hacı İsmayılov və Nurəddin Mehdixanlı çıxış edərək insanları koronovirusdan qorunmağa çağırıb, eyni zamanda dövlətin həyata keçirdiyi vacib qabaqlayıcı tədbirlərə dəstək olmağı, karantin günlərini evdə keçirməyi tövsiyə ediblər.

Xalq artisti Brilliant Dadaşova, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, əməkdar artistlər Elman Rəfiyev və Bəhram Bağırzadə də onlayn şəkildə bu mövzuda xalqa müraciətlər ünvanlayıblar.

Xalq artisti Röya Ayxan da pandemiya ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərə qoşulub. Müğənni Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Sənətçi bütün vətəndaşları COVID-19 virusu ilə mübarizə üzrə tədbirlərə qoşulmağa və bu bəladan xilas olmaq üçün dövlətə öz vətəndaş dəstəyini göstərməyə çağırıb.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xətlərə zəng etmək ciddi tövsiyə olunur. Hər kəsə cansağlığı arzusu ilə

Lalə AZƏRİ