Bütün dünyanı cənginə almış koronavirus infeksiyası ilə bağlı Azərbaycanda da zəruri sosial izolyasiya tədbirləri həyata keçirilir və xüsusi karantin rejimi elan edilib. Bu vəziyyətdə mədəniyyət müəssislərinin də fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Eyni zamanda ölkəmizdə qəzet və jurnalların çap və yayımında müvəqqəti fasilə verilib.
Amma bilavasitə iş yerlərimizdə olmasaq da, müasir informasiya texnologiyaları vasitəsilə öz evimizdən sosial həyatımızı, fəaliyyətimizi, bir-birimizlə ünsiyyəti müəyyən məcrada davam etdirmək imkanımız var.
“Mədəniyyət” qəzeti də mövcud şəraitdə çap variantda nəşrinə ara verməli olsa da, elektron formatda fəaliyyətini və sizinlə ünsiyyəti davam etdirir.
Qəzetimizin internet saytında (http://medeniyyet.az/) gündəlik olaraq xəbər və yazılar dərc olunur, eyni zamanda Facebook səhifəmizdə (https://www.facebook.com/medeniyyet.qezeti/) yayılır.
Bizi saytımız və sosial şəbəkə səhifəmiz vasitəsilə izləyin.
Yazılarınızı, mədəniyyətlə bağlı məlumat və xəbərlərinizi də əvvəlkitək qəzetimizin elektron poçtuna (qazet@medeniyyet.az) göndərə bilərsiniz.
Mədəniyyət hər zaman bizim ruh qaynağımız olub və olacaq. İnanırıq ki, bu günlər ayrılıqda hər birimizin və bütövlükdə hamımızın sağlığı naminə riayət etməyimiz zəruri olan sosial izolyasiya vəziyyəti tezliklə aradan qalxacaq. Lap tezliklə qəzetimizin nüsxələri də evlərinizdə və iş yerlərinizdə sizin qarşınızda olacaq.
Hər birinizə sayğılarla,
“Mədəniyyət” qəzetinin redaksiyası