Koronavirusun yayılması təhlükəsi səbəbindən ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar muzeylər də fəaliyyətlərini internet üzərindən davam etdirərək virtual xidmətlər göstərirlər.
Azərbaycan Milli Xalça Muzeyi “Facebook” səhifəsindən və “Youtube” kanalından izləyicilərə muzeyin nəşrləri ilə bağlı mühazirələr təqdim edir. Muzey tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulovanın milli geyimlərimizə həsr olunan onlayn məruzəsini təqdim edib. Xalçaçı-rəssam, Milli Xalça Muzeyinin ekspert komissiyasının üzvü, professor Məmmədhüseyn Hüseynovun muzeyin “Facebook” səhifəsi vasitəsilə “Pazırıq xalısı – rəmzlər dünyası” kitabı haqqında mühazirəsi yayımlanıb.
Bundan əlavə, “Təsviri və dekorativ sənət məsələləri” kitabının onlayn oxunması keçirilib. Həmçinin Azərbaycan Milli Xalça Muzeyinə “Hacı Qayıb” xalçasını bağışlayan italyan kolleksiyaçının muzey və Azərbaycan xalçaları haqqında fikirlərinin yer aldığı videogörüntü yayımlanıb.
Qeyd edək ki, hər həftənin cümə günü muzeyin xalça və xalça məmulatları haqqında maraqlı məlumatlar virtual şəkildə təqdim edilir. İndiyədək maraqlı kompozisiyaya malik iki xalça nümunəsi - Qazax qrupunun məşhur “Şıxlı” və tanınmış xalçaçı-rəssam Kamil Əliyevin müəllifi olduğu Rabindranat Taqorun portret xalçaları haqqında onlayn məlumatlar təqdim olunub.
* * *
Azərbaycan Milli İncəsənət Muzeyi də xüsusi karantin günlərində onlayn təqdimatlarını davam etdirir.
Muzey səhiyyə işçilərinə bu ağır günlərdə dəstək olmaq üçün izləyiciləri yeni sosial layihəsində iştirak etməyə dəvət edib. İzləyicilərdən təsviri sənətin plakat, komiks, kompüter qrafikası, fotoqrafiya və digər növlərində yaratdıqları imzalı işlərini göndərmək xahiş olunur. Bu işlər muzeyin saytında və sosial şəbəkə səhifələrində yer alacaq. Rəsmlər rəngli printer vasitəsilə çap edilərək şəhər xəstəxanalarına göndəriləcək, elektron və sosial mediada işıqlandırılacaq.
Azərbaycan Milli İncəsənət Muzeyi #incəsənətxatirələri həştəqi adı altında növbəti sosial rubrikasına da start verib. Muzey bütün sənətsevərləri bu layihədə iştirak etməyə dəvət edir: “İncəsənət əsərləri, rəngkarlıq, heykəltəraşlıq, qrafika və xalq tətbiqi sənət incilərindən doğan təəssüratınızı, könül duyğularınızı, sizi incəsənətə bağlayan fikirləri bizə yazın. Sizin xatirələriniz bizim üçün doğma və dəyərlidir”. Hər kəs bu layihədə iştirak etməklə həm də öz yazı bacarığını sınamış olacaq.
* * *
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi “Virtual sərgi” adlı yeni layihəsini həyata keçirir. Muzeyin filialı olan Niyazinin mənzil-muzeyi ilə bağlı rubrikada maestroya aid 40-dan artıq təsviri sənət nümunəsi təqdim olunub. Bunlar görkəmli rəssamlar – Böyükağa Mirzəzadə, Həsən Haqverdiyev, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, heykəltəraşlar – Cəlal Qaryağdı, Ömər Eldarov, Tokay Məmmədov, Cümşüd İbrahimov və başqalarının əsərləridir.
Daha bir filialdan – Vaqif Mustafazadənin ev-muzeyindən onlayn təqdimat edilib. Həmçinin Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim musiqi alətləri ansamblının konsertinin yer aldığı video “Facebook” səhifəsində paylaşılıb.
LALƏ