Birləşmiş Millətlər Təşkilatı koronavirus pandemiyası haqqında doğru mesajların yayılmasına kömək etmək məqsədilə effektiv və əlçatan məlumatların yaradılması üçün yaradıcı sənayelərə açıq çağırış edib.
Cağırışın məqsədi yanlış məlumatların yayılmasını dayandıraraq koronavirusun yayılmasının minimuma endirilməsi və ya qarşısı alına biləcək ərazilərə faydalı məlumatların çatdırılmasıdır. Yaradıcı insanlara ünvanlanan çağırışda BMT bunun tək bir təşviqat olmadığını, əksinə, fərqli mədəniyyətlərə, dil və yaş qruplarına, coğrafiyalara mənsub olan izləyicilərə çatmaq üçün çağırış olduğunu vurğulayıb.
BMT-nin baş katibi Antonio Quterreş öz açıqlamasında “Biz görünməmiş bir vəziyyətdəyik və normal qaydalar artıq tətbiq edilə bilməz, belə bir zamanda adi vasitələrə müraciət edə bilmərik”, - deyə qeyd edib. O, yaradıcı insanları, müxtəlif təsir güclərinə malik şəxsləri, şəbəkələri, media sahiblərini Dünya Səhiyyə Təşkilatının tədbirlərini həyata keçirməyə və onun mesajlarını əvvəllər çatdırılmamış auditoriyalara yaymağa kömək etməyə çağırıb.
Təşkilat yaradıcı insanlara bu məlumatları öz izləyiciləri ilə bölüşməyi; media sahiblərinə öz platformalarında yaymağı; dünya brendlərinə öz reklam sahələrini bu mesajları paylaşmaq üçün istifadə etməyi; ictimaiyyətə isə bu mesajların öz cəmiyyətlərinə uyğunlaşdırılaraq yayılmasına kömək etməyi tövsiyə edir.