Azərbaycan Respublikasının Nazirlər Kabineti “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”nda dəyişiklik edib.
Qaydanın tələbləri ölkə ərazisində fəaliyyət göstərən nəşriyyatlara, qəzet və jurnal redaksiyalarına, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələrinə və digər hüquqi şəxslərə şamil olunur.
Dəyişikliyə əsasən, dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) tərəfindən buraxılan çap məhsullarının 3 pulsuz məcburi nüsxəsinin hansı kitabxanalara göndəriləcəyi dəqiqləşib. İndiyədək bu məsələ “Kitabxana işi haqqında” qanunun müvafiq maddələri ilə tənzimlənirdi.
Dəyişikliyə əsasən, dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) buraxdıqları çap məhsullarının 3 pulsuz məcburi nüsxəsi 10 iş günü müddətində Azərbaycan Milli Kitabxanasına, həmçinin 2 pulsuz məcburi nüsxəsi Prezident Kitabxanasına, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına, Azərbaycan Respublikasının Dövlət Elmi-Tibbi Kitabxanasına, Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasına, Respublika Elmi-Pedaqoji Kitabxanasına, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına və F.Köçərli adına Respublika Uşaq Kitabxanasına göndərilməlidir.
Qaydaya əsasən, kitabxanaları məcburi nüsxələrlə təmin etməli olan subyektlər aşağıdakılardır: dövlət nəşriyyatları; qeyri-dövlət nəşriyyatları; nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri; qəzet və jurnal redaksiyaları; nəşriyyat fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxslər.