Koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında teatrlar internet üzərindən tamaşaların nümayişini davam etdirir.

Bu günlər teatrlarımız da, digər yaradıcılıq kollektivləri kimi, insanların karantin tələblərinə riayət edib evdə qalması və eyni zamanda vaxtını səmərəli dəyərləndirməsi üçün imkanlarını əsirgəmirlər. Bizə isə internetə qoşulub evdə tamaşaları izləmək qalır.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallının sözlərinə görə, əvvəlcədən müəyyən edilmiş virtual repertuara uyğun olaraq, tamaşalar saat 12:00 və 19:00-da teatrın “Facebook” ünvanında təqdim olunur. Aprelin 2-dən etibarən tamaşalar Akademik Milli Dram Teatrının «Youtube» kanalında da yayımlanır. Aprelin 3-dən isə teatrın azdrama.az ünvanlı saytında da yayım həyata keçirilir: “Sevindirici haldır ki, tamaşalar ölkə daxilində olan teatrsevərlərlə bərabər müxtəlif ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də izlənilir. Biz teatr olaraq təkcə bu günlərdə yox, koronavirus pandemiyasından əvvəl də elektron resurslar, sosial şəbəkələr üzərindən təbliğat işini prioritet istiqamət kimi qəbul etmişik və bu istiqamətdə işimizi təkmil qurmağa çalışmışıq. Əlavə olaraq deyə bilərəm ki, hazırda “Youtube” kanalımızın imkanlarının, arxivinin daha da genişlənməsi istiqamətində iş aparılır. Aprel ayı üçün virtual repertuarda ümumilikdə 30 tamaşanın nümayişi planlaşdırılır. Hər kəsi karantin günlərində evdə qalmağa, özünü və yaxınlarını qorumağa çağırırıq”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Rüstəmova qeyd edir ki, xüsusi karantin günlərində sənət ocağı evlərində olan tamaşaçılara onlayn xidmət edir: “Karantin günlərində teatrımızın istedadlı aktyorları  evdə videogörüntü vasitəsilə oynadıqları obrazları, oxuduqları partiyaları nümayiş edirlər, ən əsası, teatrımızın fondunda olan köhnə, sevilən tamaşalarımızı sosial şəbəkə vasitəsilə təqdim edirik və onların izlənmə sayı isə həmişəki kimi yüksəkdir”.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva da bildirdi ki, bu çətin günlərdə teatrın kollektivi tamaşaçıları evdə qalaraq vaxtlarını səmərəli keçirmələri üçün imkanlarını əsirgəmir: “Yaradıcı heyətimiz tərəfindən evdə videolar çəkilir, biz də öz sosial şəbəkə səhifələrimizdə onları tamaşaçılarımızla paylaşırıq. Bundan əlavə, mütəmadi olaraq “Youtube”da yerləşdirilmiş həm uşaq, həm də böyüklər üçün olan tamaşalarımızı sosial şəbəkələrdə paylaşırıq. Eyni zamanda onlayn rejimdə tamaşaçıların müraciətlərini cavablandırırıq və çox xoş hadisədir ki, bu çətin gündə insanlarda ruh düşkünlüyü olmur və paylaşdıqlarımızı sevə-sevə izləyirlər”.

HƏMİDƏ