Bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus pandemiyası ilə bağlı tətbiq edilən sosial izolyasiya və karantin rejimi insanlara hər nə qədər diskomfort yaratsa da, bu şəraitdən müsbət yöndə yararlanmaq da mümkündür.

Bunun üçün mümkün üsullardan biri mütaliədir. Əslində, sosial təcrid dövründə evdə qalan insanların ən gözəl məşğuliyyəti kitab oxumaq ola bilər. Mütaliə, kitab həm də tənhalıq hissini ortadan qaldırır.

Bu günlər bu yöndə müxtəlif təşəbbüslər, sosial şəbəkələr vasitəsilə maraqlı layihələr irəli sürülür. Tanınmış incəsənət xadimləri də evdə qaldıqları vaxtı mənalı və faydalı keçirmək üçün mütaliənin rolunu xüsusi vurğulayırlar.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov da bu günlər mütaliə etdiyini, yeni tamaşalar üzərində düşündüyünü deyir: “Qeydlər aparıram, oxuyuram, internet üzərindən yeni səhnə əsərlərinə baxıram. Hesab edirəm ki, bu günlər yaradıcı şəxslər üçün həm də bir fürsətdir. Çünki vaxt boldur, bir növ iş qayğılarından müvəqqəti azad olmuşuq. Yəni düşünməyə, axtarıb-araşdırmağa vaxtımız çoxdur. Ona görə də bütün yaradıcı şəxsləri, teatr xadimlərini bu günlərdən səmərəli istifadə etməyə çağırıram. Biz – teatr ictimaiyyəti hər zaman dövlətimizə sədaqətli xidmətimizlə fəxr etmişik. İnanıram ki, bu xəstəlik günlərində də öz böyük sevgimizi, tükənməyən məhəbbətimizi dövlətimizə və həmvətənlərimizə bir daha sübut edəcək, birlikdə bu çətin sınaqdan şərəflə çıxacağıq. Biz birlikdə güclüyük”.

Əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov da teatrsevərlərə müraciətində onları sosial izolyasiya rejimində daha çox mütaliə etməyə çağırıb.

Baş rejissor bildirib ki, bu günlər karantin qaydalarına əməl etmək hər bir Azərbaycan vətəndaşının taleyini düşünmək deməkdir: “Evdə qalmaq hər bir kəsə ilk növbədə ailəsi ilə gözəl gün keçirmək imkanı yaradır, mütaliəyə ayıra bilmədiyimiz zaman qıtlığını aradan qaldırır. Həmişə zaman qıtlığından şikayətlənən bizlər, nəhayət ki, evdə qaldığımız müddətdə maraqlı və məşhur bədii əsərlər ilə tanış ola bilərik. Evdə qalmaq bizə istər dünyanın, istərsə də ölkəmizin sənət incilərinə yenidən baxış imkanı qazandırır. Bu sınaq həm də bizə yaşamağın nədən ibarət olduğunu anlamaq imkanını yaratdı. Evdə qalın! Mədəniyyət Nazirliyinin, mədəniyyət müəssisələrinin təqdim etdiyi maraqlı onlayn layihələri izləyin!” – deyə Bəhram Osmanov müraciətində vurğulayıb.

LALƏ