Üzeyir Hacıbəylinin sənət işığından od alan, musiqi mədəniyyətimizin inkişafı yolunda zəhmətlərə qatlaşan neçə-neçə sənətkarımız olub. Tanınmış musiqi təşkilatçısı, bəstəkar, pedaqoq, Əməkdar incəsənət xadimi Qılman Salahov da belə musiqi xadimlərimizdəndir.
Qılman Balaməmməd oğlu Salahov 16 mart 1906-cı ildə Bakının Balaxanı kəndində anadan olub. Kiçik yaşlarında atasını itirən Qılman dayısı, tarzən Ağanəsimin himayəsində qalır. Dayısının tar çalması onda musiqiyə maraq doğurur. Dayısı Qılmanın musiqiyə sevgisini görüb, onu Üzeyir Hacıbəylinin yanına aparır. Dahi bəstəkar ona violonçel alətində Leopold Rostropoviçin (Mstislav Rostropoviçin atası) sinfində oxumağı məsləhət görür.
Qılman bir il həmin sinifdə təhsil alır. Üzeyir bəy bu alətdə ifa etməyin uşaq üçün ağır olduğunu görür və ona iş otağında saxladığı kamançasını verir. Beləliklə, Qılman Salahovun kamança sevgisi başlayır. O, Üzeyir bəyin yaratdığı Azərbaycan Dövlət Türk Musiqi Məktəbinin (Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Musiqi Kolleci) kamança sinfində təhsilini davam etdirir.
Görkəmli tarzən Əhməd Bakıxanov 1927-ci ildə “Solistlər” ansamblını (Musiqi Texnikumunun nəzdində) yaradır. Q.Salahov da ansamblın üzvü kimi kamançada ifa edir. 1936-cı ildə Ü.Hacıbəylinin təklifi ilə Mahnı və rəqs ansamblının bədii rəhbəri olur. O, kollektivlə mütəmadi olaraq bölgələrə gedir, istedadlı gəncləri ansambla cəlb edir. Üzeyir bəyin məktəbini keçən Q.Salahov da xalq mahnı və rəqslərini toplayır və nota salır.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə Q.Salahovun rəhbərlik etdiyi Mahnı və rəqs ansamblı da çıxış edir. Uğurlu çıxışdan sonra kollektivə dövlət ansamblı statusu verilir. Üzeyir bəyin təklifi ilə kamança ifaçısı Moskvada keçirilən I Ümumittifaq ifaçılıq müsabiqəsində iştirak edərək laureat olur.
Araşdırmalarda qeyd edilir ki, 1958-ci ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 4 ay Çində qastrol səfərində olur. Qastrol konsertlərində ansamblın üzvləri - xalq artistləri Rübabə Muradova, Əminə Dilbazi, Roza Cəlilova, eləcə də Böyükağa Məmmədov, Əlibaba Abdullayev uğurlu çıxışları ilə tamaşaçıların rəğbətini qazanır. Konserti dinləyənlərin arasında Çinin Dövlət Şurasının sədri (Baş nazir) Cjou Enlay da olur. O, ansamblın üzvləri ilə görüşür və kollektivin daha 10 gün də Çində qalmasını xahiş edir. Ansambl Çindən Monqolustana dəvət edilir. İncəsənət ustalarımız 20 gün də Monqolustanda uğurlu konsertlər verirlər...
Q.Salahov kamança ifaçılığı ilə yanaşı, ansambl üçün bir sıra mahnılar və rəqslər yazıb. Onun “Nəlbəki”, “Qaval”, “Naz eləmə” və s. rəqsləri maraqla qarşılanıb. “Qaval” və “Naz eləmə” rəqsləri Xalq artisti Əminə Dilbazinin ifasında böyük populyarlıq qazanıb. “Naz eləmə” rəqsi görkəmli rejissor Tofiq Tağızadənin çəkdiyi “Əmək və qızılgül” filmində lentə alınıb. Onun “Bulaq başında” süitası, “Azərbaycan toyu”, “Dədə Qorqud” tamaşalarına yazdığı musiqilər maraqla qarşılanıb. Q.Salahovun “Könül verdim”, “Bir dənəsən” mahnıları tanınmış müğənnilərin ifasında könülləri oxşayıb.
Q.Salahovun Niyazi və Andrey Babayevlə birlikdə yazdığı “Bir bağçanın çiçəkləri” əsəri Azərbaycan Dövlət Televiziya və Radiosunun “qızıl fond”unda saxlanılır.
Tanınmış musiqi xadimi rəhbərlik etdiyi ansamblın inkişafı üçün yorulmadan fəaliyyət göstərib. Kollektivin nəzdində yaratdığı “Sazçı qızlar” ansamblı musiqi ictimaiyyətinin yaddaşında dərin iz qoyub.
Görkəmli bəstəkar Ağabacı Rzayevanın bacısı Ruqiyyə Rzayeva Q.Salahov haqqında qələmə aldığı məqaləsində yazır: “Qılman Salahov istedadlı musiqiçi olmaqla bərabər, həm də qayğıkeş müəllim idi. O, Asəf Zeynallı adına Musiqi Texnikumunda kamança üzrə not sinfində dərs deyirdi. Qayğıkeş müəllim sənətin sirlərini yorulmadan, həvəslə bizə öyrədərdi. Məktəbdə dərslərimiz çox ciddi keçərdi. Bəzən lazım gələndə saata baxılmazdı. Fortepianoda çalmaq üçün mənə hər dəfə təzə əsər verərdi. Mən isə onu çox asanlıqla çalardım. Deyərdi ki, sənə çox məəttəl qalmışam. Notu üzündən çox yaxşı oxuyursan”.
Əməkdar artistlər Tələt Bakıxanov, Hafiz Mirzəbəyov, Firuz Əlizadə və başqaları Q.Salahovun tələbələri olub. Görkəmli xanəndə Cabbar Qaryağdıoğlu yaşının müdrik çağlarında Qurban Pirimov və Q.Salahovun müşayiəti ilə oxuyub. Onun kamançada müşayiəti ilə sonralar Xan Şuşinski, Zülfi Adıgözəlov, Seyid Şuşinski, Rübabə Muradova, Şövkət Ələkbərova kimi məşhur xanəndələr el şənliklərində konsertlər veriblər.
Üzeyir Hacıbəyli məktəbinin layiqli yetirməsi, Əməkdar incəsənət xadimi Qılman Salahov 12 oktyabr 1974-cü ildə vəfat edib.
Savalan FƏRƏCOV