İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO koronavirus pandemiyası ilə mübarizə proqramı çərçivəsində video və infoqrafiya vasitəsilə maarifləndirmə kampaniyası aparır.

Təşkilatın məlumatında qeyd olunur ki, İCESCO multimedia materiallarının hazırlanmasını və sosial şəbəkələr vasitəsilə yayılmasını davam etdirəcək. Üzv ölkələrə müraciətdə əhalinin maarifləndirilməsinə daha çox diqqət yetirilməsi, tibb personalı üçün virtual treninqlərin təşkil edilməsi çağırışları yer alıb. Təşkilat, həmçinin təhsil və mədəniyyət sahələrində üzv dövlətlərə hər cür yardım etməyə hazır olduğunu bəyan edib.

İCESCO bu istiqamətdə addım olaraq “Rəqəmsal ev” proqramı üzrə həyata keçirilən “Distant mədəniyyət” treninq kursları təşəbbüsü çərçivəsində 9 ən kreativ tələbə üçün mükafatlar təsis edib.

Distant treninqlər və mədəni irsin öyrənilməsi onlayn rejimdə həyata keçiriləcək. Bu məqsədlə İCESCO islam dünyasının maddi və qeyri-maddi mədəni irsinə dair videomateriallar hazırlayır və onlar aprelin 15-dən başlayaraq təşkilatın rəsmi saytında yerləşdiriləcək.

Təşəbbüsün əsas məqsədi dünyada tüğyan edən koronavirus pandemiyası şəraitində təhsilin və mədəniyyət tədbirlərinin davamlı olmasını təmin etməkdir. Daha yaradıcı və istedadı olan tələbələr kursların sonunda pul mükafatı alacaqlar. Müsabiqənin qaliblərinə 2 mindən 6 min dolaradək mükafatlar veriləcək. İCESCO bütün üzv ölkələrin gənclərini təşəbbüsə qoşulmağa çağırıb. Bundan başqa, tələbələr üçün musiqi, təsviri incəsənət və qısa hekayə müsabiqələri də təşkil olunacaq.