Koronavirus pandemiyası ilə bağlı tətbiq edilən sosial izolyasiya və karantin tədbirlərinə uyğun olaraq Yuğ Dövlət Teatrı “evdə qal” çağırışına qoşularaq, “Evdə qal, teatrsız qalma” adlı sosial kampaniyaya başlayıb.
Teatrın kollektivi sosial şəbəkələr vasitəsilə insanları özlərinin və doğmalarının təhlükəsizliyi naminə karantin qaydalarına əməl etməyə və bu rejimdə vaxtı səmərəli keçirməyə, o cümlədən teatrla maraqlanmağa, tamaşalara baxmağa çağırır.
Aprel ayı üçün virtual repertuara əsasən, həftədə 2 dəfə sənət ocağının “Facebook” və “Youtube” hesablarında tamaşaların videoları paylaşılır. Həftədə bir dəfə isə arxiv tamaşaları, tamaşalardan parçalar və teatrın fəaliyyətinə həsr olunmuş televiziya verilişləri, süjetlər, reportajlar və videoçarxlar izləyicilərə təqdim olunacaq.