Koronavirus pandemiyası ilə bağlı ölkənin bütün teatr-konsert müəssisələri kimi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da işini karantin qaydalarına uyğun şəkildə quraraq tamaşaçılarına evdə qalmaqla tamaşa izləmək imkanı yaradır.
Teatrın sosial şəbəkə səhifələri, eləcə də “Youtube” kanalında bir neçə populyar tamaşa yerləşdirilib. “Evdə qal” çağırışına qoşulan sevilən kuklaçı aktyorlar bu günlər uşaqların diqqətini cəlb etmək üçün müxtəlif məşhur kukla obrazları və personajların geyimi, kuklaları və səsləndirmələrində videoçarxlar da hazırlayaraq paylaşırlar.
Özlərinin sosial şəbəkə hesablarından canlı yayımlar edən aktyorlar dünya və xalq ədəbiyyatından nümunələr, nağıllar, pyeslər səsləndirir, tamaşalardan səhnəciklər də göstərirlər.
Teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası da sosial izolyasiya çağırışlarına balaca aktyorların dilindən qoşulur və həvəskar aktyorlar böyüklərə müraciət edərək bu günlər hamımızın sağlığı üçün zəruri olan sosial təcridə səsləyirlər.