Dünyanı bürüyən koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi günlərində mədəniyyət ocaqları fəaliyyətini onlayn formada davam etdirirlər.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 3 nömrəli filialı oxucuları paytaxtımızın qədim yaşayış məkanlarından olan Buzovna qəsəbəsinə virtual səyahətə dəvət edib. Oxuculara qəsəbənin qədim memarlıq abidələri, tanınmış şəxsiyyətləri, mədəniyyət xadimləri barədə məlumat verilib.

***

Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının “Ölkəmizi tanıyaq” layihəsi üzrə həyata keçirdiyi virtual səyahət də maraqla izlənilib. Layihədə Göyçay, Xızı, Ağcabədi və Ucar rayon MKS-ləri də fəal iştirak edib. Çoxsaylı oxucuların qoşulduğu virtual səyahətdə ölkəmizin gəzməli-görməli yerləri barədə verilən məlumat rəğbətlə qarşılanıb.

Mərkəzi kitabxananın “Evdə qal, kitab oxu” layihəsində isə tanınmış yazıçı və şairlər, sənət adamları kitabxanaların sosial şəbəkə hesablarından oxuculara sosial təcridlə bağlı müraciət edirlər.