Musiqili teatr səhnəsi ulduzlarının kino yaradıcılığı barədə

IV yazı

Bu yazımızın qəhrəmanlarının sənət taleyində bir qədər oxşarlıq var: hər ikisi opera səhnəsinə dramatik teatr səhnəsindən gəlib. Musiqili teatr səhnəsindəki çıxışları ilə yanaşı xalq və bəstəkar mahnılarının gözəl ifaçısı, həm də mahir vokal müəllimi kimi tanınıblar. Üstəlik, arada filmlərə də çəkiliblər. Onların böyük ekranda yaratdıqları irili-xırdalı, bəzən isə səssiz-sözsüz, hətta bir epizodluq rollarını da diqqətlə seyr etdikdə düşünürsən ki, bizim kino rejissorlarımız bu sənətkarların aktyorluq qabiliyyətini, kameraya oynamaq məharətini layiqincə qiymətləndirsəydilər, yəqin bundan təkcə çoxtərəfli istedadına geniş meydan tapan sənətkarlar deyil, həm də Azərbaycan kinosu qazanardı.

 

Yastı Salmanın məhşurlaşdırdığı Firudin Mehdiyev

 

Azərbaycan teatr tarixinin elə bir dövrü olub ki, peşəkar səhnəyə gələnlərin çoxunun sənət yolu özfəaliyyət dərnəyindən keçib. Əməkdar artist, uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş Firudin Mehdiyev də aktyor kimi ilk addımlarını özfəaliyyət dərnəyində atıb.

1944-cü il. Yeniyetmə Firudin 14 yaşında Bakıdakı Leytenant Şmidt adına zavodda fəhlə işləməyə məcburdur. Təkcə dolanışığa görə yox, həm də işçi qüvvəsi çatışmadığına görə. Böyük Vətən müharibəsinin ən ağır dövründə belə zavod-fabriklərdə özfəaliyyət, dram dərnəkləri vardı. Şmidt zavodundakı dram dərnəyinə artıq tanınmış aktyor olan Ağadadaş Qurbanov rəhbərlik edirdi. Mirmehdi Seyidzadənin “Qızıl quş” tamaşasını hazırlayan Ağadadaş qaynar gözlü, ortaboylu, gur səsli Firudini Bəbir xan rolunda sınayır. Firudin sınaqdan necə çıxırsa, Ağadadaş Qurbanov həmin dərnəkdəki bir neçə yeniyetmə ilə Firudinin də Teatr Texnikumunda təhsil alması barədə məsələ qaldırır və ... bu məsələ öz həllini tapır.

Hələ səsindən xəbərsiz Firudin texnikumda oxuyur və indiki Akademik Milli Dram Teatrının köməkçi heyətinin üzvü kimi tamaşaların kütləvi səhnələrində çıxış edir.

Belə baxanda deyirsən ki, həyat məcrasına düşüb, bu gənc oğlan da yaxın illərdə bu teatrın səhnəsində parlayacaq.

Sən saydığını say, gör, rejissorlar nə sayır.

O zaman cavan rejissorlardan olan Şəmsi Bədəlbəyli yenidən bərpa olunan Musiqili Komediya Teatrında çalışmaq üçün səsi olan, oxumağı bacaran aktyorlar axtararkən yolunu Dram Teatrından salır. Firudin Mehdiyevi, Lütfi Məmmədbəyovu, Məlik və Salman Dadaşovları, daha bir neçə nəfəri təzə kollektivə dəvət edir. Onların arasında ən fəallarından olan Firudin Mehdiyev qısa müddətdə bütün tamaşalardakı aparıcı obrazların da mətnini öyrənir, hətta gündüz tamaşalarında Lütfəli Abdullayevin rollarını oynamağa başlayır.

Tale onun yolunu Quba teatrına salmasaydı, bəlkə də Firudin Mehdiyevi yalnız dramatik aktyor, xarakterik rollar ustası kimi tanıyacaqdıq. Amma Quba teatrında Fikrət Əmirovun “Gözün aydın” komediyası tamaşaya hazırlananda bəstəkar gənc aktyorun vokal imkanlarını və geniş diapazonlu səsini kəşf edir. Beləcə, Firudin Mehdiyevin sənət istiqaməti yenidən dəyişir.

Əgər o, yalnız opera səhnəsinə qapanıb qalsaydı, olsun ki, onu tanıyanlar o qədər də çox olmayacaqdı. Lakin 1961-ci ildə kinorejissor Həbib İsmayılov Mirzə İbrahimovun Azərbaycan kəndində baş verən dəyişikliklərdən bəhs edən “Böyük dayaq” romanı əsasında bədii filmin çəkilişlərinə başlayanda aktyor seçimi baxımından xeyli riskə gedir. Kimsənin tanımadığı gənc aktyorları görkəmli sənətkarlar – Ələsgər Ələkbərov, Məmmədrza Şeyxzamanov, İbrahim İsfahanlı, Nəsibə Zeynalova, İsmayıl Dağıstanlı ilə eyni filmə çəkir. Filmdəki ən qəliz obrazlardan birinə - Salman roluna operanın solisti Firudin Mehdiyev çəkilir. Dramatik tenor kimi teatrda aparıcı partiyaları ifa edən vokalçı bu obrazın sayəsində xarakterik rollar ustası kimi tanınır.

Həqiqətən də, qısa dramatik-komik teatr aktyorluğu təcrübəsinə malik Firudin Mehdiyev “Böyük dayaq”la istedadının başqa tərəflərini göstərə bilir. Üstəlik, Yastı Salmanın onun kinoda debütü olduğunu nəzərə alsaq, kamera qarşısında ən incə mimikadan məharətlə istifadə etməsi, situasiyaya uyğun olaraq səsinin çalarlarını dəyişməsi, görkəmli aktyorlara bərabər oyun sərgiləməsi, sözün yaxşı mənasında, heyrət doğurur.

Rüstəm kişi Pərşanın gülüşünü eşidəndə “qız ki kəkil çıxartdı...” deyib deyinəndə potensial adaxlı cildinə girib utanırmış kimi başını aşağı salan da, Maya ilə hər rastlaşanda min cür dil tökən də, qondarma yoxlamanın nəticəsini sədrin önünə çırpan da Salmandır!... Amma bu Salmanlar Firudin Mehdiyevin aktyorluq istedadı, kişi xarizması sayəsində bir-birinə heç bənzəmir.

Gözləmək olardı ki, “Böyük dayaq”dakı uğurundan sonra Firudin Mehdiyev davamlı olaraq filmlərə çəkiləcək. Lakin onun 60-80-ci illərdəki kino yaradıcılığı “Arşın mal alan” (1965) və “Sevil” (film-opera, 1970) filmlərində əsas qəhrəmanların ariya və kupletlərini kadrarxasında səsləndirməsi ilə bitir.

Bu koloritli opera müğənnisinin sırf aktyorluq potensialı bir də 80-ci illərin sonunda yada düşür. 1989-cu ildə o zaman gənc rejissor, bu gün isə Əməkdar incəsənət xadimi Ziya Şıxlinski onu öz diplom işi olan “Dairə” adlı qısametrajlı (17 dəqiqə) filminə dəvət edir. Təəssüf ki, həmin filmə baxa bilmədiyimiz üçün görkəmli vokalçının illər sonra ekrandakı görüntüsü, ifası barədə söz deyə bilmirik. Xalq artisti Əbdül Mahmudov “Gecə qatarında qətl” kəskin süjetli, dövrün simasını tam fərqli bucaqdan göstərən filmi çəkməyə başlayanda Firudin Mehdiyevi əsas rollardan birinə dəvət etməklə onu milli kino heyranlarının yadına salır. Ekranda davamlı görünməsə də, əhvalatların əsas həlledici siması olan Şef – mafiya başçısı rolu Firudin müəllimin bir növ ekrana qayıdışı olur. Bu barədə elə həmin filmin quruluşçu rejissoru Əbdül Mahmudov danışır:

– Firudin Mehdiyev xarakterik rolları yarada bilən aktyor idi. Böyük aktyorlar üçün də rolun böyüyü-kiçiyi olmur. Digər tərəfdən, Firudin müəllimin sifət quruluşu elə idi ki, ona məhz Şef kimi xarakterik rollar tapşırmaq lazım idi. Bilirsiniz, Ezop obrazının yaraşdığı aktyora Fərhadı tapşırmaq olmur. Üstəlik, Firudin müəllim improvizə etməyi bacaran, yüksək intellektli bir aktyor idi. İmprovizə etməyi bacaran aktyor rejissorun ona verdiyi tapşırığı, obrazda görmək istədiklərini öz əlavələri ilə dolğunlaşdırıb göstərməyi bacarır. Soruşursunuz ki, Firudin müəllim filmlərə niyə az çəkilib? O, opera səhnəsinə çox bağlı adam idi. Yadımdadır ki, bizim rejissorlardan biri onu öz filmində çəkmək istəyirdi. Firudin müəllim ssenarini də, təklif olunan rolu da bəyənsə də razılaşmamışdı ki, teatr iki aylıq qastrola gedir, mən kollektivi yarı yolda qoya bilmərəm. Hərçənd başqa birisi olsaydı, rejissorun qarşısında tələb qoyardı ki, mənim çəkiliş qrafikimi elə qur ki, qastrol tamaşalarımı da oynayım, filmə də çəkilim.  

...Ömrünün son illərində Firudin müəllim səhhətindəki problemlər üzündən səhnədən uzaqlaşmalı olur, yalnız pedaqoji fəaliyyətlə məşğul olur. Ara-sıra televiziyada xalq və bəstəkar mahnılarından ibarət konsertlər verir. Çox koloritli simaya, güclü xarizmaya malik aktyor-müğənni çəliklə gəzməyə məcbur qalsa da, qamətini əymir, görkəmindəki səliqə-sahmana heç bir xələl gətirmir. Əbdül Mahmudov xatırlayır ki, Firudin müəllim həmişə kostyumuna uyğun papaq, şlyapa qoyar, çəkmə geyinər və bu geyim ansamblını tamamlayan əsa götürərdi. Əslində, diqqətli Azərbaycan tamaşaçısı Firudin müəllimin bu obrazı Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” filmindəki səssiz Qara eynəkli qoca kimi tanışdır. Film boyu bir neçə dəfə iki cavan stulu camaatın arasında qoyaraq, Qara eynəkli qocanın qoltuqlarından yapışaraq həmin qatlanma stula əyləşdirir, camaat yerindən tərpənəndə də eyni qaydada onu əyləşdiyi stuldan qaldırıb aparırlar. Bununla belə, tamaşaçı Qara eynəkli qocanı yadında saxlayır.

 

Rolunu gözləri ilə oynayan Gülxar

 

Görkəmli xanəndə kimi daha böyük şöhrət qazanmış Xalq artisti Gülxar Həsənovanın da sənət yolu böyük ekrandan keçib. Səhnə fəaliyyətinə dramatik aktrisa kimi başlayan Gülxar xanım vokal səsi nisbətən daha gec kəşf edilən opera müğənnilərindəndir. Milli operalarda Əsli, Leyli, Şahsənəm, Leylinin anası kimi klassik muğam partiyalarının mahir ifaçısı “Şah İsmayıl” operasındakı qəhrəman Ərəbzəngi obrazında xüsusilə yadda qalıb. Sonralar “Koroğlu”, “Bahadır və Sona”, “Vaqif”, “Gəlin qayası” operalarında klassik vokal partiyalarını da ifa edib.

1979-cu ildə Gülxar xanım opera solisti karyerasına son verdiyi zamanda geniş tamaşaçı kütləsi onu teatr aktrisası kimi yenidən kəşf etdi. Həmin il Azərbaycan televiziyasında təqdim edilən “Yollar görüşəndə” musiqili teletamaşası (müəllif - Ruhəngiz Qasımova, quruluşçu rejissor - Ramiz Həsənoğlu) Gülxar xanımın nə vaxtsa Gənc Tamaşaçılar Teatrının səhnəsində oynadığı rolları unudanlara, ya da yaşına görə həmin rolları görməyənlərə onu yenidən tanıtdı. Bəlkə də gözləmək olardı ki, “Yollar görüşəndə” Gülxar xanımı böyük ekranla yenidən görüşdürəcək və biz bu gözəl xanəndə-aktrisanı tez-tez yeni tamaşalarda, filmlərdə görə biləcəyik. Hərçənd Gülxar xanım 1976-cı ildə ekrana çıxmış “Xoşbəxtlik qayğıları” (quruluşçu rejissor - Həsən Seyidbəyli) filmində cəmi bir epizodda da olsa, çəkilmişdi. Evin ikinci qızı Xalidə üçün gələn elçilərin arasındakı nəcib təbəssümlü, zəngin geyimli Qadın Gülxar Həsənova idi. Rejissor cəmi bir neçə kadrda görünən və heç bir kəlmə də deməyən Elçi qadın rolunu sanballı xanıma həvalə etməkdə potensial qudaların necə bir nəsildən olduqlarını vurğulamaq istəmişdi və öz niyyətinə çatmışdı.

...1990-cı ildə Gülxar xanım iki filmə çəkilir: “Zirzəmi” və “Gecə qatarında qətl”. “Zirzəmi” filmində (quruluşçu rejissor - Davud İmanov) baş qəhrəmanın dostu Eldarın anası rolunda çəkilib. Cəmi bir neçə dəqiqə ekranda görünən, psixoloji problemləri olan, müştüklü siqareti əlindən düşməyən Ana - Gülxar Həsənova simaca tanış olduğu qədər də obrazın xarakterinə görə bir o qədər də yad və yenidir.

Rejissor Əbdül Mahmudov Gülxar xanımı “Gecə qatarında qətl” filmində narkomafiyaya işləyən Qadın roluna necə dəvət etməyini belə xatırlayır:

- Filmin çəkilişlərinə başlamışdıq. Bir gün kinostudiyada mənə dedilər ki, Leyla xanım (Leyla Bədirbəyli) səni axtarır. Leyla xanımın otağına gələndə gördüm ki, Gülxar xanımla birlikdə çay içirlər. Demə, rəfiqə olan görkəmli sənətkarlarımız söhbət edəndə Gülxar xanım umu-küsü edib ki, niyə məni heç kim lap kiçik bir rola da çəkmir? Elə həvəslə oynayaram ki!... Leyla xanım da deyir ki, Əbdül bizim uşaqdır, indi də film çəkir. Ondan soruşaram, görüm, həmin filmdə sənə uyğun rol var? Yaxın günlərdə yaşlı aktrisanın tələb olunduğu həmin səhnənin çəkilişi olacaqdı. Başqa aktrisanı nəzərdə tutsam da, Leyla xanımın təklifi ağlıma batdı. Elə həmin gün Gülxar xanım sınaq çəkilişinə çəkildi və rola təsdiq olundu. Çəkiliş gününə elə həvəslə hazırlaşmışdı ki!... Hətta onun epizodu çəkildikdən sonra çıxıb getmədi, bir kənarda əyləşib çəkiliş prosesini maraqla izlədi. Film hazır olanda sevindim ki, nə yaxşı, Leyla xanımın məsləhətinə qulaq asdım, az da olsa, Gülxar xanıma yeni bir sənət sevinci yaşada bildim.

Gülxar xanım 2005-ci ildə vəfat edib. 2004-cü ildə isə onun çəkildiyi son film - “Məkanın melodiyası” (quruluşçu rejissor - Hüseyn Mehdiyev) ekranlara çıxdı. Baş qəhrəman musiqiçi Murad bir zamanlar sevdiyi, lakin qovuşa bilmədiyi Minanı xatırlayır. Xatırlayır və xatirələrin izi ilə Minanın rəfiqəsi Məryəmi tapır. Rəfiqəsinin nakam məhəbbətini, gətirməyən taleyini, sevgisinin şahidi ağac kəsilərkən etdiyi fəryadını lap dünən baş vermiş hadisə kimi dəqiqliklə xatırlayan, yana-yana söyləyən Məryəm rolunda da Gülxar xanım çəkilib. Qocaman aktrisa oturduğu yerdən tərpənmədən, artıq qırışmış üzünün iztirab dolu ifadəsi ilə təkcə öz obrazını yox, bəxtsiz rəfiqəsinin taleyini də oynayır...

Deməli, insan yaşlansa da, nə onun sənət eşqi sönür, nə də istedadı azalır. Gedən ömürdür, qalan əməldir, sənətdir.

Gülcahan MİRMƏMMƏD