“Kreativ Azərbaycan” portalının Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Facebook” sosial şəbəkəsi vasitəsilə 21 martdan etibarən başlatdığı “Evdə qal – evdə yarat” təşəbbüsü uğurla davam edir.
Ötən müddətdə portalın “Facebook” səhifəsində, ölkəmizin regionları da daxil olmaqla, 1200-dən artıq istifadəçi yaratdıqları müxtəlif məhsullar, əl işləri, rəsm əsərləri, həmçinin ifaçılıq və bədii qiraət nümunələri ilə öz sosial şəbəkə səhifələrində paylaşımlar etməklə bu təşəbbüsə qoşulublar. Bir çox məşhurlar, sənət adamları, millət vəkilləri, həmçinin “Söz” ədəbi layihəsi də layihədə iştirak edib. Həmçinin, portalın “İnstagram” səhifəsində də 1000-dən artıq istifadəçi tərəfindən müxtəlif paylaşımlarla təşəbbüs geniş marağa səbəb olub.
30 aprelə qədər davam edəcək təşəbbüsdə iştirak şərtlərini bir daha xatırladırıq:
1. “Kreativ Azərbaycan” portalının “Facebook” səhifəsini (fb.com/creative.az) öz profilinizdən bəyənin;
2. Koronavirus infeksiyasının yayıldığı müddətdə evdə olaraq yaratdığınız işi (əl işi, rəsm əsəri, musiqi əsəri, dizayn, video, yazılı mətn, foto, yaradıcı texnologiya və s.) öz səhifənizdə #evdəqalevdəyarat həştəqi ilə paylaşın;
3. Paylaşımda həmçinin “Kreativ Azərbaycan”ın “Facebook” səhifəsini qeyd (tağ) etməyi unutmayın.
Evdə keçirdiyimiz vaxt ərzində yaradıcılığımızı işə salaq və pozitivliyə töhfə verək! Bu təşəbbüs həmçinin dəyərli hədiyyələr qazanmaq üçün şans yaradır. 2020-ci ilin 30 aprel tarixinə kimi sizin işiniz ən çox bəyənilən (“like” alan) işlərdən olsa, deməli, qaliblərdən birisiniz və “Kreativ Azərbaycan” portalı və Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif maraqlı hədiyyələr sizi gözləyir.
Əgər yaratdığınız musiqi, video, yazılı əsər və ya yaradıcı texnologiyadırsa, digər səhifələrdən linki qeyd edə bilərsiniz (“Youtube”, “Vimeo” və s.).
Müsabiqə ilə bağlı sualları “Kreativ Azərbaycan” portalının “Facebook” səhifəsinə ünvanlaya bilərsiniz.
Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!