“Kreativ Azərbaycan” portalı Mədəniyyət Nazirliyinin dəstəyi və “Azəri Ekspress” şirkətinin tərəfdaşlığı ilə “Sənətə dəstək ol” adlı xeyriyyə aksiyasına start verib.

Koronavirusun (COVİD-19) dünyada yayılması bütün sahələrə böyük təsir göstərir. Bir sıra biznes nümayəndələri, fərdi sahibkarlar öz gəlirlərini itirməkdədir. Bu itkilər həmçinin yaradıcı sənayelər sahəsində fəaliyyət göstərən insanlara – rəssamlara, sənətkarlara təsir göstərib, onların bir çoxu üçün çətin maddi vəziyyət yaradıb.

Ölkəmizdə virusla bağlı çətinliklərin qarşısının alınması, insanların rifahının yaxşılaşdırılması üçün dövlət və ayrı-ayrı təşkilatlar tərəfindən bir sıra addımlar atılır. Həmçinin fərdi şəkildə də xeyriyyə təşəbbüsləri reallaşır.

“Sənətə dəstək ol” xeyriyyə aksiyası da çətin maddi vəziyyətə düşən yaradıcı insanlara dəstək olmaq məqsədi daşıyır.

Aksiya çərçivəsində bu insanlar haqqında məlumat veriləcək və onların əsərləri sosial şəbəkələr vasitəsilə satışa çıxarılacaq. Alınan əsərlər isə “Azəri Ekspress” şirkətinin dəstəyi ilə çatdırılacaq. Əsərləri alanlara həmçinin koronavirusla bağlı məhdudiyyətlər müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən xüsusi təşəkkür diplomu da təqdim olunacaq.

Qeyd: Əsərləri almaq barədə razılıq haqqında məlumat sosial şəbəkədə paylaşımın altında şərh formasında və ya “Kreativ Azərbaycan” portalı ilə əlaqə saxlanılaraq (açıq və ya anonim formada) verilə bilər.

Aksiya çərçivəsində əlaqələndirmə xidməti təmənnasız olaraq “Kreativ Azərbaycan” portalı tərəfindən həyata keçiriləcək.

Əlavə məlumat və suallarla bağlı “Kreativ Azərbaycan” portalı ilə əlaqə saxlamaq olar:

facebook.com/creative.az,

instagram.com/kreativaze

info@creative.az