Nyu-Yorkdakı məşhur konsert salonu – “Karnegi-Holl” mövsümü vaxtından əvvəl bitirir. “MusicalAmerica” portalının yaydığı məlumata görə, əvvəlcə koronavirus pandemiyası ilə əlaqədar konsertlərə mayın 10-dan sonra davam ediləcəyi güman olunurdu. Lakin “Karnegi-Holl”un rəhbərliyi konsert mövsümünü tamam bitirməyə qərar verib.
Musiqi salonunun bu il oktyabrın 7-də yenidən tamaşaçıların üzünə açılacağı planlaşdırılır. “Karnegi-Holl”un icraçı direktoru və bədii rəhbəri Klayv Gillinson deyib: “Son hadisələr dünyanın düzənini pozdu. Hətta “Karnegi-Holl” yenidən açıldıqdan sonra da işimizi nizamlamaq üçün bizə xeyli vaxt lazım gələcək”.
Portalın yazdığına görə, illik büdcəsi 104 milyon dollar olan “Karnegi-Holl” koronavirus üzündən hələlik 9 milyon zərərə düşüb.