Azərbaycanın təsviri incəsənət xadimləri də koronavirus pandemiyasına laqeyd qalmayıblar. Bütün bəşəriyyətin üzləşdiyi bu təhlükəyə ilk münasibət bildirənlərdən biri də Xalq rəssamı Əşrəf Heybətovdur.

Onun son əsəri dünya miqyaslı bəlaya həsr edilib. Əsərdə Yer kürəsinə qoruyucu maska geyindirmiş yarasa təsvir olunub. Tanınmış rəssam bəşəriyyətin qarşılaşdığı koronavirus problemini rənglərin dili ilə məhz belə metaforik bədii formada əks etdirib.

Xatırladaq ki, Əşrəf Heybətov Almaniyada yaşayır, Avropanın bir çox ölkələrində, həmçinin BMT-nin, Avropa Şurasının qərargahlarında və Vatikanda onun əsərlərinin sərgiləri keçirilib.