“Bu vəziyyətdə yalnız ruh yüksəkliyi ilə tab gətirmək mümkündür”

Rusiyanın Xalq artisti, Azərbaycanda da çox sevilən məşhur rus estrada müğənnisi Lev Leşşenko mart ayının sonlarında koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi.

Aprelin 6-da xəstəxanadan evə yazılan 78 yaşlı müğənni Rusiya televiziyalarından birinə qısa müsahibə verib: “Bu günlər xəstələrin böyründən çəkilməyən həkimlərə minnətdaram. Mənim xəstəliyim yetərincə yüngül formada keçdi. Reanimasiya şöbəsində yatsam da, süni tənəffüs aparatına qoşulmamışdım”. Müğənni hətta yataqda olarkən də pozitiv  ovqatı qorumağın vacib olduğunu dilə gətirib: “Sadəcə, həyatı, doğmaları sevmək lazımdır”.

Lev Leşşenkonun fikrincə, pandemiyadan sonra cəmiyyətdə dəyərlərin yenidən qiymətləndirilməsi baş verəcək: “Panikaya düşmək lazım deyil, biz “Titanik”də deyilik. Özümüz öz əhvalımızı düzəltməyə çalışmalıyıq. Mahnı oxumaq, fleşmoblar düzənləmək lazımdır, çünki bu vəziyyətdə yalnız ruh yüksəkliyi ilə tab gətirmək mümkündür. Bir də təmkini qorumaq gərəkdir. Mən əminəm ki, hər şey yaxşı qurtaracaq”.

***

Bu yaxınlarda 70 yaşını qeyd etmiş Rusiyanın Xalq artisti Nadejda Babkina pnevmoniya səbəbindən medikanmentoz koma vəziyyətinə düşüb. Rusiya mediasının məlumatına görə, həkimlər müğənnini ikitərəfli pnevmoniya səbəbindən süni tənəffüs aparatına qoşublar. Hazırda müğənninin vəziyyəti ağır sabit olaraq qiymətləndirilir. Bununla belə, koronavirus testlərinin cavabı mənfidir. Halbuki ilk koronavirus testi müsbət nəticə vermişdi.

***

COVİD-19 şübhəsilə xəstəxanaya düşmüş bəstəkar-müğənni İqor Nikolayev də artıq evdədir. Sosial şəbəkə hesabında qızı ilə şəklini paylaşan İqor Nikolayev özü bu barədə məlumat verərək yazıb: “Mən evdəyəm!”.

Sonra İqor Nikolayev xəstəxanada qaldığı müddətdə onun səhhəti ilə maraqlanan və tez sağalmasını arzulayan hər kəsə minnətdarlığını bildirib. Bir müddət əvvəl o, koronavirus şübhəsi ilə Moskvadakı “Kommunarka” xəstəxanasına çatdırılsa da, diaqnoz təsdiq edilməyib.

G.MİRMƏMMƏD