Xəbər verdiyimiz kimi, aprelin 9-da Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən nazirlik rəsmiləri və regional idarələrin rəislərinin də iştirakı ilə videoqəbul keçirilib. Videoqəbul ilə əlaqədar bir sıra regional mədəniyyət idarələrində həmin görüşün nəticələrinə və qarşıya qoyulan məsələlərə həsr edilmiş onlayn müşavirələr təşkil olunub.

Ağstafa Regional Mədəniyyət İdarəsinin rayonlar üzrə nümayəndələri və tabe müəssisələrin rəhbərlərinin iştirakı ilə keçirilən onlayn müşavirədə çıxış edən idarənin rəisi Vüqar Qədirov mövcud vəziyyətlə bağlı tapşırıqlardan danışıb. Sosial izolyasiya günlərində musiqi məktəblərində distant təhsilin keyfiyyətinin artırılması, insanların asudə vaxtının səmərəliliyi baxımından virtual konsertlərin təşkil olunmasının əhəmiyyəti vurğulanıb.

Müşavirədə həmçinin məktəblərarası, kitabxanalararası virtual müsabiqələrin və kitabxanalarda elektron xidmətlərin zəruriliyindən, muzeylərə virtual ekskursiyaların təşkili və müəssisələrin dezinfeksiya olunmasından bəhs edilib. İdarə rəisi eyni zamanda yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinə qayğı göstərilməsinin vacibliyini vurğulayaraq müəssisə rəhbərlərinə müvafiq tövsiyələrini verib.

***

İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov da onlayn müşavirədə koronavirus infeksiyasının qarşısının alınması istiqamətində ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən danışıb, mədəniyyət işçilərinin də karantin rejiminə əməl etməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, bu günlər Mədəniyyət Nazirliyinin qurumları fəaliyyətini onlayn formada quraraq insanlara mədəni xidmətləri davam etdirir. E.Hüseynov deyib ki, mədəniyyət  müəssisələri müasir texniki vasitələrlə vətəndaşlara mədəni xidmətlərin əhatəsini daha da genişləndirməli, sosial şəbəkələr üzərindən videodərslərin keçirilməsi, muzeylərə virtual səyahət, eləcə də digər mədəniyyət müəssisələrinin bu istiqamətdə tədbirləri davam etdirilməlidir.

***

Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovanın keçirdiyi onlayn iclasda Mədəniyyət naziri Əbülfəs Qarayevin ötən həftə videoqəbul zamanı verdiyi tapşırıqlar müəssisə rəhbərlərlərinin diqqətinə çatdırılıb. Sonra regional idarənin tabe müəssisələrində koronavirus əleyhinə tibbi-profilaktik dezinfeksiya işlərinin davam etdirilməsi, sosial təcrid şəraitində ahıl insanlara, təqaüddə olan mədəniyyət işçilərinə və aztəminatlı ailələrə diqqət göstərilməsi, elektron xidmətlərdən daha çox istifadə edilməsi, uşaq musiqi və incəsənət məktəblərlərində onlayn dərslərin və ustad dərslərinin müntəzəm keçirilməsi, mədəniyyət mərkəzləri, kitabxana və muzeylərin onlayn fəaliyyətinin genişləndirilməsi, virtual sərgilərin təşkil olunması və s. məsələlər müzakirə edilib.

***

Bərdə Regional Mədəniyyət İdarəsində təşkil olunan onlayn müşavirədə idarənin rəisi İlyas Hacıyev koronavirus infeksiyasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb, vətəndaşlarımızın tətbiq edilən xüsusi qaydalara əməl etməsinin vacibliyini qeyd edib. Vurğulanıb ki, müvafiq dövlət qurumları tərəfindən koronavirusla mübarizədə qətiyyətli addımlar atılır və xalqımızın sağlamlığının qorunması üçün təxirəsalınmaz tədbirlər reallaşdırılır.

İdarənin rəisi sosial izolyasiya günlərində vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, videodərslərin təşkili, muzeylərə virtual səyahət, eləcə də digər mədəniyyət müəssisələrinin bu istiqamətdə həyata keçirdikləri tədbirlərdən söz açıb, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsində keçirilən videokonfransda idarənin rəisi Rza Quluyev yaranmış vəziyyətdə Mədəniyyət Nazirliyi tərəfindən qarşıya qoyulan vəzifələr barədə danışıb. Daha sonra bəzi müəssisə rəhbərlərinin həftəlik hesabatları dinlənilib. Sonda idarənin rəisi hər kəsin Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi şəkildə riayət etməsinin zəruriliyini vurğulayıb.

***

Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar Sabirabad Regional Mədəniyyət İdarəsi və tabe müəssisələrinin fəaliyyəti də internet resursları üzərindən qurulur. İdarə rəisi Əhməd Ramazanovun sədrliyi ilə keçirilən onlayn şura iclasında müəssisələrdə dezinfeksiya işlərinin davam etdirilməsi, yaşı 65 və daha yuxarı olan tənha sakinlərin ziyarət edilməsi və ya telefonla əlaqə saxlanılması, onların ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq köməklik göstərilməsi, habelə elektron xidmətlərdən daha çox istifadə edilməsi, uşaq musiqi məktəblərində onlayn dərslərinin və ustad dərslərin müntəzəm keçirilməsi, mədəniyyət mərkəzlərinin, kitabxanaların, muzeylərin mövcud şəraitdə fəaliyyəti, onlayn müsabiqələrin və virtual sərgilərin təşkili kimi məsələlərə dair müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.

***

Aprelin 14-də Kürdəmir Regional Mədəniyyət İdarəsində keçirilən videokonfransa idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən kitabxana və klub tipli müəssisələrin rəhbərləri qatılıb. İdarə rəisi Elman Məmmədov kitabxanalarda virtual müsabiqələrin və elektron kitabxanaların təşkil olunmasının zəruriliyindən danışıb. Klub tipli müəssisələrin onlayn konsertinin, dərnək üzvlərinin virtual sərgilərinin təşkili ilə əlaqədar tövsiyə və tapşırıqlar verilib. Videokonfransda, həmçinin yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinə qayğı göstərilməsinin vacibliyindən bəhs olunub.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürovun  keçirdiyi onlayn müşavirədə idarənin tabe müəssisələrinin mövcud vəziyyətdə fəaliyyətindən bəhs edilib. Uşaq musiqi və incəsənət məktəblərində distant təhsilin davam etdirilməsi, virtual konsertlərin və virtual ekskursiyaların təşkil edilməsi barədə danışılıb, dezinfeksiya işlərinin davam etdirilməsi və digər məsələlərlə  bağlı tapşırıqlar verilib.

 

Sənətə məhdudiyyət yoxdur

Sumqayıt Regioal Mədəniyyət İdarəsinin tabeliyindəki  Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubu uşaq və yeniyetmələr arasında “Ailəmizi qoruyaq, virusa qalib gələk” adlı onlayn sərgi-müsabiqə təşkil edib. Onlayn sərgi iştirakçıları koronavirusla bağlı təsəvvürlərini  kağız üzərinə köçürərək həkimlərimizin və digər peşə sahiblərinin gərgin əməyini nümayiş etdirib, eyni zamanda insanları evdə qalaraq sağlamlıqlarını qorumağa çağırıblar. Sərgi iştirakçıları diplom və fəxri fərmanla təltif olunacaq.

***

Karantin günlərində sosial şəbəkələrdə “Evdə qal, musiqidən qalma”, “Sənətinlə dəstəklə” kimi aksiyalara qoşulan sənətçilərin sayı artmaqdadır. Zaqatala rayon Uşaq incəsənət məktəbinin müəllimi, gənc tar və gitara ifaçısı Vüsal İbrahimov özünün onlayn solo konsertini canlı olaraq “Facebook” sosial şəbəkəsində yayımlayıb. Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı #EvdənMədəniyyətimiziYaşadaq və #MədəniyyətBirlikdir layihələri çərçivəsində təqdim olunan konsertdə Azərbaycanın retro, estrada janrında musiqiləri təqdim olunub.

Bundan əlavə, Zaqatala Uşaq incəsənət məktəbinin müəllimləri sosial izolyasiya şəraitində olan sakinlərə eyvandan konsert veriblər. Sülh küçəsində yerləşən binalardan birinin eyvanında təşkil edilən konsert zamanı musiqiçilər milli oyun havalarımızı və xalq mahnılarımızı ifa ediblər.

Şəkinin tanınmış vokalçısı Seymur Qasımzadə də regional idarənin başlatdığı  layihələr çərçivəsində “Facebook” sosial şəbəkəsi üzərindən növbəti solo konsertini yayımlayıb. Müğənni konsertini pandemiya ilə mübarizədə fədakarlıq göstərən qurumların əməkdaşlarına həsr edib.

Nurəddin MƏMMƏDLİ