Xəbər verdiyimiz kimi, aprelin əvvəlindən başlayaraq Bakıdakı Heydər Əliyev Mərkəzinin binası üzərində hər axşam koronavirusdan zərər çəkən bir ölkənin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə proyeksiya olunur. Bununla  Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyi, pandemiyasının geniş yayıldığı dövlətlərə və onların xalqlarına mənəvi dəstək və ehtiram ifadə edilir.

Bu aksiya bayraqları Heydər Əliyev Mərkəzinin binasının üzərində əks olunan ölkələrdə böyük rəğbətlə qarşılanır.

Bakının rəmzlərindən biri olan Heydər Əliyev Mərkəzinin binasının üzərində Türkiyə bayrağının video proyeksiyasını görmək qürurverici idi. Belə çətin günlərdə qardaş dəstəyi vacibdir. Azərbaycan bununla iki dövlət arasında qardaşlıq bağlarının möhkəmliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirlərinin daha bir bariz nümunəsidir.

Bu fikirləri Türkiyənin Kocaeli şəhərindəki “Azərbaycan Evi” dərnəyinin rəhbəri Volkan Aydemir bildirib. O deyib: “Hazırda dünya COVID-19-la mübarizə aparır. İndi hamımızın mənəvi dəstək, ruh yüksəkliyinə ehtiyacı var. Türkiyə-Azərbaycan qardaşlığı həmişə olduğu kimi, burada da özünü göstərdi”.

***

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın COVID-19 virusunun geniş yayıldığı ölkələrlə həmrəyliyinin ifadəsi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliyanın bayrağının videoproyeksiyası bu ölkənin mediasında böyük maraqla qarşılanıb.

“İl Giornale”, “Askanews”, İ”l Sole 24 Ore”, “İl Tempo”, “Libero Quotidiano”, “Agenzia Nova”, “Si Viaggia”, “Today.it”, “Notizie Tiscali”, “Quotidiano”, “Yahoo Finanza”, “Yahoo Notizie”, “Notizie Geopolitiche”, “Virgilio”, “TPI”, “Corriere dell’Umbria”, “Corriere di Siena”, “Corriere di Arezzo”, “Corriere di Viterbo”, “Corriere di Rieti” və s. elektron nəşrlər videoçarxla bağlı məlumatlar dərc edib və videoreportajlar yayımlayıblar. İtaliyanın “Telecaprinews” və “Caprievent” televiziya kanallarında efirə çıxan “Occhio sulla città” proqramı da aprelin 12-də bu mövzu ilə bağlı xüsusi reportaj hazırlayıb.

Məlumatlarda Cakomo Puççininin “Nessun Dorma” əsərinin səsləndirildiyi Bakı Media Mərkəzinin videoçarxından sonra aprelin 8-də Bakıda eyniadlı ariyanın sədaları altında Heydər Əliyev Mərkəzinin İtaliya bayrağının rənglərində işıqlandırılması ilə Azərbaycanın İtaliyaya COVID-19 virusunun yayılmasına qarşı apardığı mübarizədə öz həmrəyliyini bir daha nümayiş etdirdiyi bildirilib.

Yazılarda Heydər Əliyev Fondunun illərdir Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və beynəlxalq mədəni əməkdaşlıq layihələrinin reallaşdırılması üçün çalışdığı, o cümlədən İtaliya və Azərbaycan arasında mədəni əməkdaşlıq münasibətlərində xüsusi rola malik olduğu vurğulanıb.

***

İspaniyanın gündəlik “La Razon” qəzetinin internet-portalında “Azərbaycan Bakıda İspaniyanın bayrağını proyeksiya edərək öz həmrəyliyini bildirir” sərlövhəli məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, Heydər Əliyev Mərkəzi ispan musiqisinin müşayiəti ilə İspaniya Krallığının bayrağının videoproyeksiyasının təsvir edildiyi videonu öz “Instagram” profili vasitəsilə paylaşıb.

Yazıda Bakıdakı Heydər Əliyev Mərkəzinin bu aksiyasının Pasxa bayramı ərəfəsinə təsadüf etdiyi və koronavirusdan zərər çəkmiş ispanlarla həmrəylik və onlara dəstək əlaməti olduğu vurğulanır.

Qəzet diqqətə çatdırır ki, aprelin 3-dən başlayaraq hər axşam koronavirus pandemiyasının geniş yayıldığı ölkələrdən birinin milli musiqisinin müşayiəti ilə həmin ölkənin bayrağı Heydər Əliyev Mərkəzinin binasına proyeksiya edilir. Beləliklə, Azərbaycan COVID-19 pandemiyasının yayılmasından ciddi zərər çəkmiş dövlətlərə və onların xalqlarına öz dəstəyini ifadə edir.