Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli Musiqi məktəbi Azərbaycan-Amerika Beynəlxalq Mədəniyyət Assosiasiyası tərəfindən keçirilən və görkəmli bəstəkarın xatirəsinə həsr olunan “Florida keys” beynəlxalq musiqi yarışmasında iştirak edib.
Müsabiqəyə ilin əvvəlində start verilib, iştirakçılar öz çıxışlarını onlayn təqdim ediblər. Yarışmaya Fransa, Almaniya, Hindistan, Vyetnam, Sloveniya və ABŞ-dan müxtəlif nominasiyalar üzrə 80-ə yaxın musiqiçi qatılıb.
C.Hacıyev adına 3 nömrəli Musiqi məktəbinin vokal (akademik) ixtisası üzrə 8-ci sinif şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Atilla Məmmədov (müəllim Mahir Tağızadə), estrada oxuma ixtisası üzrə 8-ci sinif şagirdi Nurdan Hüseynzadə (müəllim Solmaz Qasımova) və simli alətlər şöbəsinin müdiri Hülya Orucova (violin) müsabiqədə uğur qazanaraq 1-ci yerə layiq görülüblər.
Müsabiqənin məqsədi gənc, istedadlı musiqiçilərin üzə çıxarılmasıdır. Yarışma onlara Nyu-Yorkun “Carnegie Hall”un səhnəsində çıxış etməyə imkan yaradır. Bundan başqa, layihə Azərbaycanın musiqi mədəniyyətinin təbliği və tanıdılmasına xidmət edir. Budəfəki müsabiqədə Cövdət Hacıyevin əsərləri ilə yanaşı, Vaqif Mustafazadənin 80 illik yubileyi münasibətilə məşhur cazmenin musiqiləri də səsləndirilib.
Müsabiqənin təşkilatçısı C.Hacıyevin qızı Pərvin Muradovadır. O, Florida ştatında Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası yanında təhsil və mədəniyyət komitəsinin sədridir. Layihə assosiasiyanın prezidenti Töhfə Eminova, pianoçu Key Lenq, Nyu-York musiqi festivalının münsiflər heyətinin üzvü Vivian Fanq Liunun dəstəyi ilə reallaşıb.