Dünya hələ də COVİD-19 virusu ilə mübarizə aparmaqdadır. Həyatımızın bir çox sahələrini məhdudlaşdıran, bizi sosial təcridə məcbur edən bəşəri bəla, buna rəğmən sənət eşqini və zövqünü, yaradıcılıq həvəsini və marağını əlimizdən ala bilmir.

Dünyanın bir çox yaradıcılıq qurumları, sənət təmsilçiləri kimi, Azərbaycan incəsənətinin nümunə və nümayəndələrinin iştirak etdiyi bu yaradıcı müqavimət, yaradıcılıq əzmi təqdir olunasıdır. Bu günlər ölkəmizin əksər teatrları da istər televiziya efiri vasitəsilə, istərsə də özlərinin elektron resurslarla işləmək imkanlarını işə salaraq tamaşaçılarla ünsiyyət qururlar.

Bu mənada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifaları, eləcə də orkestrinin virtual konsert nömrələri, həmçinin Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində çıxışları maraqla izlənilir. Teatrın təqdimatında opera və balet tamaşaları “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində də nümayiş olunur.

Layihənin “Qara Qarayev və Fikrət Əmirov telehəftəsi”ndə (13-19 aprel) – aprelin 16-da (saat 20:20) “Mədəniyyət” kanalında Q.Qarayevin “Don Kixot” baletini izləyə bilərsiniz. Bundan başqa, bu teatrın solistlərinin iştirakı ilə “Opera dünyası” layihəsi də reallaşdırılır.

Özünün sosial şəbəkə səhifələri və “Youtube” kanalı vasitəsilə maraqlı repertuar təqdim edən Akademik Milli Dram Teatrı hər həftə maraqlı virtual repertuarla tamaşaçıları ilə görüşür. Daha çox aktiv sosial şəbəkə izləyicilərinin sorğularına əsasən tərtib olunan repertuarda uşaq tamaşalarına da rast gəlirik. Akademik teatr artıq klassikaya çevrilən arxiv tamaşalarını da həftə boyu nümayiş etdirir.

Sosial izolyasiya günlərinin teatr mənzərəsində Akademik Musiqili Teatr da aktivdir. “Bizi birləşdirən mədəniyyət” layihəsində Üzeyir Hacıbəyliyə həsr olunmuş telehəftə zamanı teatrın təqdim etdiyi tamaşalar izləyici rəğbəti qazandı. Teatrın simfonik orkestri də sənətsevərlərlə ünsiyyətini davam etdirir. Teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin idarəsi ilə Üzeyir bəyin  “Arazbarı” simfonik əsərinin virtual orkestrləşmədə təqdimatı maraqla qarşılandı.

Ötən həftə teatrın yeni tamaşalarından birini – “Paris Notr-Dama ithaf”ı (V.Hüqo) da teleekranda seyr etmək imkanı qazandıq. Həmçinin “Mədəniyyət” kanalı ilə Akademik Musiqili Teatrın birgə hazırladığı “XX əsr Azərbaycan operetta inciləri” layihəsi də növbəti yaradıcı təşəbbüs kimi sənətsevərlərə təqdim olunacaq.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlər virtual repertuarını yeniləməkdədir. Teatrın sosial şəbəkə ünvanındakı rəy bölməsinə gələn müraciətlərə cavab olaraq qurulan repertuarda son olaraq Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesinin tamaşasını (quruluşçu rejissor – Xalq artisti Cənnət Səlimova) izlədik. Bu sıraya “İtalyansayağı xoşbəxtlik” tamaşasını da daxil edə bilərik. Hər iki tamaşanın baxış sayına əsasən bəyənildiyini deyə bilərik.

Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkə ünvanından Ş.Perronun “Çəkməli pişik” tamaşasını və repertuarındakı seçmə tamaşalardan səhnəcikləri yerləşdirməklə balaca tamaşaçılarını darıxmağa qoymur. Teatrın nəzdindəki sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrdən ibarət “Küllücə” teatr-studiyasının “Evdə qal” çağırışına cavab olan videomüraciəti də sosial şəbəkə vasitəsilə yayımlanıb.

Yuğ Dövlət Teatrının ən yaxşı tamaşalarından olan “Medeya. Sekvensiya 001”i virtual izləmək istəyənlər bu teatrın sosial şəbəkə ünvanlarına daxil ola bilərlər. Yuğ pərəstişkarlarının aprelin sonunadək  S.Haqverdiyevanın “Metamorfoza”, K.Abdullanın “Səsimi unutma”, T.Narın “Şok” və digər tamaşalarına da teatrın “Youtube” kanalında və “Facebook” sosial hesabından baxmaq imkanı var.

Virtual tamaşa nümayişlərinə Şuşa Dövlət Musiqili Dram Teatrı da qoşulub. Teatrın tamaşalarını hər həftənin cümə və şənbə axşamları sosial şəbəkə səhifələrindən izləyə bilərsiniz.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Facebook” səhifəsində də “Evdə qal, tamaşa izlə” devizi ilə tamaşalar nümayiş olunur. Teatr kollektivinin repertuar tamaşaları ilə yanaşı, yerli və xarici festival və qastrol səfərlərinin lent yazıları da sosial hesablarda yerləşdirilib.

Gəncə Dövlət Dram Teatrı arxiv tamaşalarının internet üzərindən nümayişi ilə paralel radiotamaşalara da vaxt ayırır. Aprelin 10-dan etibarən teatrın tamaşaları “Teatr Gəncə” onlayn radio-dalğasından da yayımlanır.

Mingəçevir Dövlət Dram Teatrı virtual repertuarı vasitəsilə uşaqları da əyləndirməyə çalışır. Həftə boyunca maraqlı uşaq tamaşaları fərqli saatlarda nümayiş etdirilir.

Qazax Dövlət Dram Teatrı da özünün virtual repertuarını tərtib edib. Aprelin 11-dən başlayaraq  “Sonuncu seriya”, “Bir edam məhkumunun son günü“ tamaşalarını teatrın “Facebook” hesabından izləmək mümkündür.

Füzuli Dövlət Dram Teatrının virtual repertuarındakı “Qatil”, “Xəcalət”, “Nənənin kələyi”, ”Olmadı elə, oldu belə” və s. tamaşaları izləmək istəyənlər isə bu teatrın “Facebook” səhifəsinə daxil ola bilərlər.

Sumqayıt Dövlət Dram Teatrı isə virtual repertuarın üçüncü həftəsində də müxtəlif janrlı tamaşalarla teatrsevərlərin evinin qonağı olacaq. Həftəsonu  “Əlibaba və qırx quldur”, “Məlikməmməd” nağıl tamaşaları ilə balacaları da ekran qarşısına dəvət edən teatr böyüklər üçün “Müsyö Jordan və dərviş Məstəli şah”, “Oğru”, “Narkoman” adlı səhnə əsərlərinin nümayişini nəzərdə tutub.

Qax Dövlət Kukla Teatrı “Evdə qal” kampaniyasına qoşularaq balacalara maraqlı tamaşalarını - “Turp” və “Diş əhvalatı”nı təqdim edib. Teatrın baş rejissoru Yusif Əbdürrəhmanovun monotamaşa kimi qurduğu və evdən, həvəskar kamera ilə çəkib paylaşdığı ekspromt nağıl-səhnəciklər də təqdirəlayiq təşəbbüsdür.

Qeyd edək ki, teatrların virtual nümayiş cəhdlərini nəzərdən keçirərkən onların bundan öncəki repertuar siyasəti və ümumilikdə tamaşaçı ilə ünsiyyət imkanlarını da bir daha dəyərləndirmiş oluruq.

HƏMİDƏ