Mərkəzi İncəsənət Məktəbinin onlayn müsabiqəsi
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin fortepiano ixtisası üzrə şagirdləri arasında keçirilən “Ən yaxşı etüd ifası” onlayn mini-müsabiqəsi başa çatıb. Müsabiqə 6-12 aprel tarixində keçirilib.
Məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli təhsil ocağının “Facebook” səhifəsində iştirakçılara yaranmış vəziyyətdə, tədrislə onlayn məşğul olmağın çətinliyinə baxmayaraq, bu təşəbbüsə həvəslə qoşulduqları üçün təşəkkür müraciəti ünvanlayıb.
Şagirdlərin ifası Əziz Qarayusifli, məktəbin şöbə müdiri Mənsurə Quliyeva, müəllimlər Fəridə Sultanova, Cəmilə Mustafinanın daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Münsiflərin verdikləri balların hesablanmasından sonra nəticələr elan edilib. 3 yaş qrupunda 40 şagirdin qatıldığı müsabiqədə hər yaş qrupu üzrə 1-ci, 2-ci, 3-cü yerlərin sahibləri müvafiq diplomlara layiq görülüblər. Həmçinin müəllimlərin zəhməti də qeyd edilib.
Münsiflər heyətinin üzvləri məktəblərin bir aydan artıq bağlı olması ilə əlaqədar şagirdlərin imkanlarından aşağı ifasını da nəzərə alaraq qeyd edib ki, məhz onlayn dərslər sayəsində müəllim və şagirdlər mövcud vəziyyətdən çıxış yolları taparaq bu müsabiqəyə hazırlaşıblar.
Növbəti onlayn mini-müsabiqə 13-19 aprel tarixində məktəbin orkestr alətləri üzrə şagirdləri arasında keçirilir.