AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən İsgəndər bəy Məlikovun “Yaxşılığa yamanlıq” kitabı nəşr olunub.
Azərbaycanlı neft sahibkarı, XIX əsrin ikinci yarısında milli teatr və maarif sahəsində müstəsna xidmətləri olan İsgəndər bəy Məlikovun (milli mətbuatımızın banisi Həsən bəy Zərdabi ilə eyni nəsildəndir) 1898-ci ildə qələmə aldığı “Yaxşılığa yamanlıq” pyesi ötən əsrin əvvəllərində ərəb qrafikalı Azərbaycan əlifbası ilə nəşr olunsa da, müasir əlifbada oxuculara ilk dəfə təqdim olunur. Dörd pərdədən ibarət pyes həmin dövrdə cəmiyyətdə hökm sürən dini fanatizm və cəhalətin səbəb olduğu acı nəticələrdən və bunlara qarşı müsbət qəhrəmanların apardıqları mübarizədən bəhs edir.
Kitabı Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədova nəşrə hazırlayıb. Nəşrin baş elmi məsləhətçisi elmi müəssisənin direktoru, akademik Teymur Kərimli, redaktoru Hacı Mustafa Mailoğludur. Əsərin dil və üslub xüsusiyyətləri orijinal variantda olduğu kimi saxlanılıb.