Beynəlxalq Teatr Tənqidçiləri Birliyi “Teatr-onlayn” adlı beynəlxalq virtual elmi konfrans keçirmək niyyətindədir.

Təşkilatın vitse-prezidenti və Azərbaycan üzrə nümayəndəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərovun bildirdiyinə görə, konfransın ideyası yaşadığımız hazırkı şəraitin tələblərindən doğub: “Teatr həmişə canlı sənət olub. İndi isə onun yeni – virtual mərhələsi başlanıb. Biz teatr sənətinin bu yeni növünü qəbul etməyə hazırıqmı? Xarici ölkələrdə yaşayan teatrşünas həmkarlarımızla danışdıq və qərara gəldik ki, bu mövzuda fikir mübadiləsinə ciddi ehtiyac var”.

Koronavirus infeksiyasının yayılma təhlükəsi ilə əlaqədar bütün dünyanın teatrları karantinə görə bağlanıb. Koronavirus hamının həyatını, o cümlədən sənət həyatını dəyişib. Məhz indi informasiya texnologiyalarının insanlara təsiri parlaq şəkildə görünür.  Konfrans karantin rejiminin teatrların fəaliyyətinə təsiri, onlayn nümayişlərin müsbət və mənfi cəhətləri, distant teatr təhsili və s. məsələləri əhatə edəcək. Konfransın informasiya tərəfdaşı Teatro.az sənət portalıdır. Məruzələr 30 aprel tarixinə qədər toplanacaq və 11 mayda virtual konfrans öz işinə başlayacaq.

Konfransın təşkilat komitəsinə Qazaxıstandan sənətşünaslıq üzrə fəlsəfə doktoru Anara Erkebay, Gürcüstandan sənətşünaslıq üzrə elmlər doktoru, professor Laşa Çxartişvili və Azərbaycandan sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov daxildir. Konfransın yekununda məruzələrin mətni ingilis və rus dillərində elektron toplu halında nəşr olunacaq.