Balacalar üçün müsabiqə

Koronavirus pandemiyası ilə bağlı həyata keçirilən karantin rejimində mədəniyyət sahəsi üçün xüsusi önəm kəsb edən təşviq və təbliğat layihələrinə töhfə verməyə çalışan A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti aksiya ilə balacaları yenidən öz ətrafına toplayacaq.

Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyası, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Kulis.az saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı müsabiqə elan olunub.

Uşaqların evdə vaxtlarını səmərəli keçirmələri, yaradıcılıq potensiallarını nümayiş etdirmələri, habelə epidemiya, ondan qorunmaqla bağlı bilgilərini müəyyənləşdirmək məqsədilə təşkil olunan müsabiqə aprelin 10-dan 30-dək davam edəcək. 7-13 yaş arası uşaqlar arasında keçirilən müsabiqəyə təqdim olunacaq nağılları yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyəti dəyərləndirəcək.

Ümumilikdə 10 nağıl müəllifi seçiləcək ki, onlardan da ilk iki yerin sahibini münsiflər heyəti, 3-cü qalibi isə onlayn (nağıllar Kulis.az saytında yerləşdiriləcək) səsvermənin nəticəsi müəyyən edəcək. Qalan 7 nəfər balaca nağılçıya isə müsabiqədə iştirak diplomları təqdim olunacaq.

İlk üçlükdə yer alan nağıllar əsasında tamaşa da hazırlanacaq. “Oyuq” teatr-studiyasının həvəskar aktyorları və teatrın peşəkar aktyor truppasının iştirakı ilə ərsəyə gələcək tamaşa karantin müddəti bitdikdən sonra səhnələşdirilərək teatrsevərlərin ixtiyarına veriləcək. Premyera günü qaliblərin mükafatlandırılması mərasimi də olacaq.

Müsabiqədə iştirak etmək istəyənlər nağıllarını info@kuklateatri.az ünvanına qısa tərcümeyi-hal və əlaqə nömrələrini də əlavə etməklə göndərə bilərlər.