Paytaxt məktəbliləri arasında “Böyük zəfərin başlanğıcı” adlı onlayn rəsm müsabiqəsi keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunan müsabiqəyə 1500-ə qədər rəsm təqdim olunub.
Aprel döyüşlərinin (2016) ildönümünə həsr olunan müsabiqəyə paytaxtdakı ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri qatılıb. Məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların bədii-estetik zövqünün formalaşdırılması, xüsusi istedada malik uşaqların üzə çıxarılması və dəstəklənməsidir.
İki mərhələdən (rayon, şəhər) ibarət müsabiqə üç yaş qrupu üzrə (6-9, 10-14 və 15-18 yaş) keçirilən müsabiqənin şəhər mərhələsində hər kateqoriya üzrə 3 nəfər olmaqla, ümumilikdə 9 qalib (I, II, III yerlər) seçiləcək. Hər kateqoriya üzrə fərqlənən 5 iştirakçı (ümumilikdə 15 nəfər) tərifnamə ilə təltif ediləcək.