Sosial təcrid və karantin rejimində digər mədəniyyət müəssisələri ilə bərabər fəaliyyətini əsas etibarilə internet saytları və sosial şəbəkələr üzərindən quran teatrların virtual təqdimatlarını biz də izləməkdə davam edirik.

Bu günlər istər paytaxtda, istərsə də digər şəhərlərimizdəki teatrlar tamaşaçılarını sosial təcrid müddətində sənətlə daha sıx ünsiyyətə çağıraraq tamaşalarının videoyazılarını sosial şəbəkə ünvanları və internet yayım kanallarında nümayiş etdirirlər. Teatrsevərlər vaxtilə bilavasitə səhnədən izlədikləri tamaşaları, yaxud da heç tamaşaçısı olmadıqları teatrların virtual repertuarından istədikləri seçimi edə bilərlər.

Daha çox klassik tamaşaları, “Youtube” kanalında illər əvvəl yerləşdirilən və izləyici rəğbəti qazanan köhnə tamaşalarını yenidən sosial şəbəkələr vasitəsilə nümayiş etdirən Akademik Milli Dram Teatrı paralel olaraq müxtəlif yeni tamaşalarını, xüsusən də azyaşlılar üçün hazırladığı səhnə işlərini də təqdim edir.

Maraqlı sosial aksiyalar, yaradıcı səhnəciklərlə yanaşı, son illərin uğurlu musiqili komediya nümunələri də Akademik Musiqili Teatrın sosial şəbəkə ünvanlarında nümayiş olunur. Teatr aktiv tamaşaçıları üçün həftəlik repertuar, sorğu əsaslı videoyazılar da hazırlayır. Məsələn, bu həftəsonu – 18 apreldə (saat 18:00) “Mənim günahım” (İ.Əfəndiyev), 19 apreldə (18:00) “Milyonçunun dilənçi oğlu”nu (S.Ələsgərov, Ş.Qurbanov) izləyə bilərsiniz.

Dövlət Gənc Tamaşaçılar Teatrı da onlayn işini davam etdirir. Qısa videoyazılar, sosial izolyasiya ilə bağı çağırış xarakterli materiallarla yanaşı, hər yaş tamaşaçı üçün gündəlik yayım da təşkil edirlər. Bundan başqa,  məşq proseslərindən parçaları da canlı yayım olaraq “Facebook” səhifələrindən təqdim edirlər.

Son günlər daha çox klassik tamaşaların videoyazılarına, daha doğrusu, seçkin parçalarına üstünlük verən Yuğ Dövlət Teatrının “Youtube” kanalı və “Facebook” səhifəsində teatrın 30 illik yubiley gecəsindən parçalar da yerləşdirilib.

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, eləcə də Sumqayıt, Lənkəran, Gəncə, Şəki teatrları da “evdə qal”an tamaşaçıları üçün ən yaxşı və baxımlı hesab etdikləri arxiv tamaşalarını nümayiş etdirirlər.

Auditoriyası uşaqlar olan Azərbaycan Dövlət Kukla və Qax Kukla teatrlarının təmsilçiləri də virtual məkanda aktivdirlər. Xüsusən Qax kuklaçılarının baş rejissorunun evdən hazırlayıb təqdim etdiyi videolar maraqla izlənməkdədir.

Ümumilikdə bizə qısa zamanda yeni texnologiyaları mənimsədən, bir çox hallarda isə kortəbii axına qoşulmaq bahasına başa gələn səhnələrin teatrların internet resursları ilə evlərə, sosial şəbəkə ünvanlarına, smartfonlara daşınması qarşıdakı zaman üçün bir sıra məsələlərdə daha adekvat qərarlar təlqin edəcək. Təbii ki, bu, qarşıdakı zamanın işidir. Hələlik isə, onlayn seyrə davam, əziz teatrsevərlər. Çox tezliklə virtual rejimdən canlı nümayişə keçəcək daha yaxşı yaradıcılıq işlərini görmək və alqışlamaq arzusu ilə

HƏMİDƏ