Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen turistlərə Avropada yay istirahəti planlaşdırmadan öncə gözləməyi məsləhət görüb.

“Mən istirahət planı qurmadan öncə gözləməyi tövsiyə edirəm. Hazırda heç kim iyul və avqust ayları üçün etibarlı proqnoz verə bilməz. Biz uzun müddət və ola bilsin ki, gələn ilədək bu virusla yanaşı yaşamağı öyrənməliyik”, - deyə o bildirib.

Avropa Komissiyası rəhbərinin şərhi Fransa Prezidenti Emmanuel Makronun oktyabr ayına qədər ölkənin sərt sərhəd nəzarəti qaydasını davam etdirəcəyi barədə bəyanatından sonra verilib. Makron, həmçinin Avropa İttifaqının digər dövlətlərini də öz sərhədlərini ən azı sentyabra qədər bağlı saxlamağa çağırıb.

***

Koronavirus üzündən turist axınının aşağı düşməsi dünyanın mühüm turizm məkanlarından olan Kanar adalarına (Atlantik okeanında, Afrikanın şimal-qərb sahili yaxınlığında yerləşən və muxtar əyalət kimi İspaniyaya aid olan yeddi ada) 12 milyard avro zərər vura bilər.

Proqnozlara görə, bu il Kanar adalarına xarici turistlərin axını 80 faiz azalacaq. Nəticədə ÜDM 28 faiz aşağı düşəcək, həmçinin 133 min insan işsiz qalacaq.

***

Koronavirus pandemiyası ilə əlaqədar Misirin turizm gəlirləri 5 milyard dollar azala bilər. Ölkənin Planlaşdırma və İqtisadi İnkişaf naziri Hala Əl-Səid bildirib ki, turizm sektorunda canlanma cari ilin ikinci yarısında mümkün ola bilər.

Misirin turizm sektoru əsas xarici valyuta mənbəyidir və ötən il bu sahədən 13 milyard dollar gəlir əldə edilib. Misir martın 19-dan etibarən bütün aeroportlarını bağlayıb və uçuşların hamısı, o cümlədən daxili aviareyslər dayandırılıb.

CAVİD