Bakı Şəhər Mədəniyyət Baş İdarəsi karantin şəraitində əhalinin asudə vaxtını təşkil etmək, onlara nikbin əhval-ruhiyyə bəxş etmək məqsədilə müxtəlif tədbirlər keçirir.
Baş idarə Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birlikdə gerçəkləşdirdiyi “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində tanınmış sənətkarlarımızla birlikdə həyata keçirilən “Biz xalqın içindəyik” təşəbbüsünə dəstək verib.
Bu təşəbbüsü ilk dəstəkləyən Səbail Rayon İcra Hakimiyyəti ərazidə tanınmış sənətçilərin əhali ilə bu çətin günlərdə birlikdə olmalarını nümayiş etdirmək üçün şərait yaradıb.
Evakuator üzərində gerçəkləşən konsertlərdə əməkdar artistlər Lalə Məmmədova, Ədalət Şükürov, populyar müğənnilər Zamiq Hüseynov, Aysel Əlizadə çıxış ediblər.
“Abad həyət”lərdə konsert silsiləsi Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bu rayon ərazisində də keçirilib və sənətçilərin ifalarını eyvanlardan, pəncərələrdən izləmək sakinlərin böyük sevincinə səbəb olub.
“Biz xalqın içindəyik” layihəsi çərçivəsində keçirilən konsertlər “Mədəniyyət” kanalı ilə yanaşı, @bakimedeniyyetidaresi “Instagram” hesabı üzərindən canlı yayımlanıb.
Sənətçilərin sakinlərlə görüşləri paytaxtın digər rayonlarını da əhatə edəcək.