Aprelin 21-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Belçikanın “Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının hazırladığı “Ağdam. 5 fraqment” filminin təqdimat mərasimi keçirilib.
Təqdimatda filmin yaradıcı heyəti, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri, QHT rəhbərləri iştirak ediblər.
“Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının sədri, filmin rejissoru Mişel İvor mərasimdə çıxış edərək ideyanın ərsəyə gəlməsi haqqında məlumat verib və filmin hazırlanmasına göstərdiyi dəstəyə görə Şuraya təşəkkürünü bildirib.
Sonra film nümayiş etdirilib. Ekran əsərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Ağdam şəhərindən olan və məcburi köçkün həyatı yaşayan 5 nəfərin təəssüratları və xatirələri yer alıb. Eyni zamanda, Ağdam şəhərinin qədim abidələri, təbiəti, müharibədən əvvəlki və işğaldan sonrakı vəziyyətinə dair kadrlar da filmdə əksini tapıb.
Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı Bəxtiyar Əliyev filmin ustalıqla çəkildiyini söyləyib. Bildirib ki, bu ekran əsərinə baxan hər kəs təsirlənər. Çünki burada insan taleyindən, müasir dövrümüzdə bir qrup insanın başına gətirilən müsibətlərdən bəhs olunur, bir şəhərin tamamilə viran olduğu göstərilir. Biz XXI əsrdə yaşayırıq. Bu gün dünya liderləri o şəhərin niyə sakinlərsiz qalmasına, o evlərin niyə dağıdılmasına münasibət bildirməlidirlər.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev filmin yaradıcı heyətinin əməyini yüksək qiymətləndirib. O bildirib ki, filmdə müsahib olan 5 nəfərin timsalında 1 milyondan çox azərbaycanlının acınacaqlı taleyindən bəhs olunur. Dünya ictimaiyyəti buna göz yummamalıdır. O, Ağdamın 2008-ci ildə “Lonely Planet” jurnalında “Qafqaz Hiroşiması”, 2010-cu ildə isə “Əl-Cəzirə” televiziyasının internet saytında “ruhlar şəhəri” adlandırıldığını xatırladıb: “Hər iki yanaşma Ağdamın faciəsinin miqyasını tamamilə adekvat, doğru-dürüst şəkildə ifadə edir”.
Qeyd edilib ki, filmdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma şəhərlərindən məhrum olan, maddi-mənəvi cəhətdən ağır itkilərə məruz qalan köçkünlərdə heç bir nifrət hissi sezilmir. Onlar sadəcə doğma torpaqlarına qayıtmaq istəyirlər. Film əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində mühüm addımdır.
Sonda filmin rejissoru Mişel İvor QHT-lərə Dövlət Dəstəyi Şurasının fəxri fərmanı ilə təltif olunub.
Xatırladaq ki, film fevral ayında Belçikanın paytaxtı Brüsseldə nümayiş etdirilib və yerli ictimaiyyət tərəfindən maraqla qarşılanıb.