Güman edirik ki, pandemiya və dünya incəsənəti (ədəbiyyatı) mövzusunda sayca üçüncü  yazını qəzetimizdə oxuduğunuz zaman Yer üzünü bürümüş pandemiya təhlükəsi bir qədər də səngimiş olacaq. Hələ ki... Hələ ki pandemiya meydan sulayır... Və bu meydanda birinciliyi heç kimin arzulamadığı siyahıya Amerika Birləşmiş Ştatları başçılıq edir.

Az qala hər elmi-texniki yeniliyin (xüsusilə də müasir texnologiyaların incəsənətdə və  əyləncə sənayesində tətbiqi ilə bağlı) vətəni olan Yeni Dünyanın bu acizliyi adamın ağlına sığmaq istəmir. Yəqin ki, bu olanlar qeyd etdiyimiz həmin sahələrə də öz düzəlişini edəcək. Eynilə bir zamanlar etdiyi kimi...

***

Amerika kino sənayesi hələ XX əsrin ilk rübündə “İspan qripi” pandemiyası üzündən xeyli dəyişikliyə uğramışdı. Kino tarixçisi Vilyam Mannın fikrincə, COVİD-19  ucbatından eyni məntiqi dəyişiklik təkrar baş verə bilər. O, ABŞ-ın “deadline.com” televiziya və kino portalına müsahibəsində bu fikirləri söyləyib: “Koronavirus Hollivud kino industriyasına mühüm təsir göstərə bilər. 1918-ci ildə dünyanı sarmış, bəşər tarixində həm yoluxanların, həm də ölüm hallarının sayına görə ən kütləvi pandemiyalardan sayılan “İspan qripi” tüğyan edən zaman da belə olmuşdu.1918-1926-ci illər Hollivudun inkişafında ən aparıcı mərhələlərdən sayılır, çünki uzun illər üçün Amerika kino industriyasını müəyyən edəcək bütün strukturlar, əsasən də film istehsalına və onların distribusiyasına aid olan qurumlar məhz həmin dövrdə yaranmışdı”.

Alimin dediyinə görə, o zaman Amerika kinosu fərqli yolla getməyə qərar verdi. Studiya sistemi həmin mərhələdə yaranmışdı, hər şey məhz 1918-ci il pandemiyasından başlamışdı. Qrip pandemiyası ucbatından kinoteatrların 80-90 faizi bağlanmışdı. Karantin qadağası ilk olaraq Los-Anceles kinoteatrlarını yaxalamışdı, kinostudiyalar isə istehsalı iki aya yaxın – 1918-ci il noyabrın sonunadək dayandırmışdılar. Mann xatırladır ki, qrip pandemiyasından Amerika kino industriyasının bütün subyektləri, o cümlədən studiyalar xeyli zərərə düşmüşdülər: məsələn, “Paramount” 1918-1919-cu illərdə təxminən 2 milyon dollar itirmişdi ki, bu o dövr üçün böyük məbləğ idi.

Tarixçi həmin dövrdən və onun Hollivuda daha sonrakı təsiri barədə danışarkən “Paramount Pictures”in əsasını qoymuş Adolf Sukorun fəaliyyətini xüsusi vurğulayır. O, bir şirkətin daxilində film istehsalının, yayılmasının və prokatının təşkili baxımından kino industriyasında inqilab etmişdi: “Bütün sahəni nəzarətdə saxlamaq üçün ilk növbədə kinoteatrlara nəzarət etmək ideyası hələ pandemiyadan çox əvvəl onun ağlına gəlmişdi. O öz  planını gerçəkləşdirmək üçün ”İspan qripi”ndən istifadə etdi. Sukorun əməlləri çox adamı biznesdən uzaqlaşmağa vadar etsə də, bununla belə, Amerika kino industriyasının inkişafından ötrü qarşıdakı 60-70 il üçün iş prinsiplərini müəyyən etdi. O belə hesab edirdi ki, əgər film istehsalı ilə məşğul olursansa, elə də filmin yayımına, yəni kinoteatrda nümayişinə də nəzarət etmək lazımdır. Adolf Sukor kino işinin bütün aspektlərini öz nəzarətinə alaraq, müstəqil kinematoqrafçıları sıxışdırır, pandemiya üzündən müflis olmuş kinoteatr sahiblərini “yolun o biri tərəfində” öz kinoteatrını tikəcəyi ilə hədələyərək onların müəssisələrini su qiymətinə alırdı. Sabahlarından nagüman, müflis olmuş kinoteatr sahibləri bu təzyiqə dözməyib təslim olurdular. Sukor 1921-ci ildə bu sahənin nəhəng simasına çevrildi.

V.Mannın fikrincə, COVİD-19 virusunun başlatdığı pandemiya da Hollivuda təsirsiz ötməyəcək: “Əlbəttə, müəyyən fərqlər olacaq, bununla belə, sahənin strukturu yaxın bir-iki ildə dəyişə bilər. Çünki yüz il əvvəl qrip pandemiyası nəticəsində hər şey – filmlərin müddəti, biletin satışı... dəyişmişdi. Bugünkü yayım servislərinin fəaliyyətini izləyəndə görürəm ki, onlar əsasən Sukorun modelindən istifadə edirlər. Onlar istehsala və distribusiyaya nəzarət edir, xırda oyunçuları biznesdən sıxışdırıb çıxarırlar. Bu cür fəsadlarının olmasına baxmayaraq, striminq platformaları çox effektli modeldir”.

***

Ola bilsin ki, striminq platforması ifadəsi sənətsevər oxucunun qulağını cırmaqlayır. Amma fəal internet istifadəçiləri bunun məğzi ilə tanışdır. Üstəlik, karantin mərhələsində striminq məcburən evinə qapanmış ən müxtəlif peşə sahiblərini – böyük bir auditoriyanı əhatə edir.

Striminq – onlayn yayım axınıdır. İstifadəçinin provayderdən fasiləsiz olaraq aldığı musiqi, video və informasiya yayım axını striminq multimediasına aid edilir. Striminq bazarının böyük hissəsi kiberidman seqmentinə aiddir; geymerlər oyunların necə keçdiyini onlayn rejimində – canlı olaraq göstərirlər. Musiqi, kulinariya, səyahət, evdarlıq janrlarında və digər istiqamətlərdə çalışan videobloq müəlliflərini də strimer adlandırırlar.

Bir neçə mənbəni araşdırdıqdan sonra gəldiyimiz ortaq nəticə budur ki, striminq gələcəyin kütləvi informasiya vasitəsidir. Üstəlik, populyar striminq platformaları artıq məşhur rəqəmsal alət toplularına daxil olub, kiberidman bazarları və videooyun striminqi davamlı olaraq diqqət mərkəzindədir.

Bu gün sənət anlayışlarını, medianı özündə birləşdirən striminq platforma getdikcə maliyyə cəhətdən də söz, sənət bazarını ələ alır. Necə? Onların qazancı nədən çıxır?

Strimer müəllifləri və strim yayımçıları öz kanallarında bir neçə üsulla qazanc götürürlər. Bu yollardan biri və ən birincisi striminq platformalı tərəfdaşlıq proqramıdır: platformanı yaradanlar, onun sahibləri kənar reklam çarxını yayımlamağı təklif edərək populyar müəlliflərlə birgə çalışırlar. İkinci üsul birinci qədər gəlirli olmayan abunə üsuludur. Müəllifin strimlərini müşahidə edən istifadəçilər onun kanalına abunə olmaqla müəyyən bonuslar qazanırlar. Abunədən gələn qazancın bir hissəsi platforma sahibinə, qalan hissəsi isə strimerə çatır. Üçüncü yol da, istifadəçilərin, ya da yeni sahənin terminologiyası ilə desək, donatyorların birbaşa minnətdarlıq kimi strimerin hesabına köçürdükləri pul vəsaiti – donatlardır. Nəhayət, artıq ən köhnə qazanc üsuluna çevrilən reklamdır ki, strimerin kanalında yerləşdirilir.

***

Bir müdrik insan deyib ki, dünyadakı ən kiçik məişət ixtiralarından tutmuş insan həyatını yüngülləşdirən ən böyük kəşflərədək hər şeyi tənbəllər icad edib. Yəni, kimsə əti əl ilə döyməkdən elə bezib ki, ətçəkən maşını icad edib. Əslində, bu fikir mübahisəlidir. Çünki dünyada istənilən qədər tənbəl, çox enerji sərf edən fiziki məşğuliyyətdən, vaxtını ət döyməkdən daha maraqlı və faydalı işə sərf etmək istəyən adam tapmaq olar, amma ətçəkən maşının ixtiraçısı bir nəfərdir: baron Karl Drez. Başqa bir müdrik isə bu günümüzlə çox səsləşən bir fikir söyləyib: ağıllı fikirlər adamın ağlına çox danışdıqda yox, çox susduqda, öz-özü ilə tək qalarkən gəlir. Bu fikirlə mübahisə etməyə dəyməz. Bu gün biz də karantin rejimindəyik. Bəlkə milli kinomuzun yaxın gələcəkdə necə inkişaf edəcəyi barədə elə Hollivudun qayğısını çəkənlərlə birlikdə düşünək?...

Gülcahan MİRMƏMMƏD