Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfrans keçirilib
Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu sahədə ölkəmizdə və xaricdə mühüm işlər həyata keçirilir.
Mədəniyyət naziri Əbülfəs Qarayev bu barədə 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfransda danışıb.
Videokonfransda Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, nazirliyin məsul əməkdaşları iştirak ediblər.
Videokonfransı giriş sözü ilə açan Dövlət Xidmətinin rəisi Zakir Sultanov Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təbriklərini çatdırıb. Bildirilib ki, hər il bu əlamətdar gün münasibətilə qoruqlarda, tarixi məkanlarımızda abidələrin və tarixi yerlərin qorunmasının təbliği ilə bağlı müxtəlif tədbirlər, sərgilər təşkil olunurdu. Bu il isə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb. Məlum şəraitlə bağlı bu il əlamətdar gün daha çox virtual formatda, o cümlədən abidələrə və tarixi yerlərə videoturlarla, virtual sərgi və digər təqdimatlarla qeyd edilir.
Tarixi abidələrə dövlət qayğısından danışan Zakir Sultanov qeyd edib ki, ölkə başçısının müvafiq fərmanına əsasən, ilin əvvəlində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin beş regional idarəsinin yaradılması bu sahədə fəaliyyətin daha səmərəli təşkilinə zəmin yaradır.
Xidmətin rəisi arxeoloji irsin qorunması və öyrənilməsi istiqamətində də işlərin davam etdirildiyini deyib. Bildirib ki, xüsusi əhəmiyyət kəsb edən tarixi ərazilərin qorunması və bu ərazilərdə xüsusi rejimin yaradılması məqsədilə ötən il ölkə başçısının sərəncamına əsasən, Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir şəhəri”, Ağsu rayonunun tarixi ərazisi “Orta əsr Ağsu şəhəri” tarix-mədəniyyət qoruqları elan edilib.
Videokonfransda çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələr icra olunub. Nazir ölkəmizdə tarix və mədəniyyət abidələrinin qorunması, bərpası və təbliği istiqamətində Dövlət Xidmətinin həyata keçirdiyi işlərin əhəmiyyətini qeyd edib.
Əbülfəs Qarayev ötən il ölkəmizdə UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının uğurla keçirildiyini və Şəkinin tarixi hissəsinin Xan sarayı ilə birgə Dünya irs siyahısına daxil edildiyini diqqətə çatdırıb. Bildirib ki, 2000-ci ildə İçərişəhər Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə, 2007-ci ildə isə Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.
Nazir deyib ki, bu il İçərişəhərin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsinin 20 illiyi tamam olur. Bununla bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə birlikdə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Əbülfəs Qarayev çıxışının sonunda mədəni irsimizin təbliğində zəhməti keçən hər kəsi əlamətdar gün münasibətilə təbrik edib, uğurlar arzulayıb. Nazir həmçinin koronavirus infeksiyası üzündən yaranmış şəraitə diqqət çəkərək bu günlərdə sosial şəbəkələr üzərindən fəaliyyətin daha da genişləndirilməsi, aktivliyin artırılması, izləyicilərə mədəniyyət sahəsində baş verən yeniliklərin çatdırılması, elektron xidmətlərin əhatəsinin və səviyyəsinin yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Əsgər Ələkbərov çıxışında xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində qoruğun fəaliyyət istiqamətlərindən danışıb. Bildirib ki, qoruğun əməkdaşları virtual formada öz fəaliyyətlərini davam etdirir, vətəndaşlara xidmət göstərirlər.
İçərişəhərdəki bərpa və konservasiya işlərindən danışan Ə.Ələkbərov vurğulayıb ki, Bakı xanlarının iqamətgahı və burada aşkar olunmuş XVII-XVIII əsrlərə aid edilən hamamda işlər yekunlaşmaq üzrədir. Koronavirus problemi olmasa idi, bu günlərdə işlər tamamlanacaqdı.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə ölkəmizdə mədəni irsə, tarixi və memarlıq abidələrinə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkə rəhbərliyinin xüsusi nəzarəti altında icra olunur.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Qafar Cəbiyev ölkəmizdə həyata keçirilən arxeoloji tədqiqatlar barədə məlumat verib. Azərbaycanın arxeoloji abidələrlə zəngin olduğunu deyən alim bu istiqamətdə araşdırmaların davam etdiyini diqqətə çatdırıb.
Videokonfransın sonunda ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyəti bir daha qeyd olunub.
Fariz HÜSEYNOV