Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan mədəniyyət mərkəzlərinin karantin rejimi dövründə fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib.
Baş idarənin rəisi Cəlil Məlikov videokonfrans iştirakçılarını salamlayaraq, mədəniyyət işçilərinin bu çətin şəraitdə fəaliyyətinin, insanlarda pozitiv əhval-ruhiyyənin qorunub saxlanılması ilə yanaşı, maarifçilik yönlü çalışmaların əhəmiyyətini vurğulayıb.
Diqqətə çatdırılıb ki, mövcud vəziyyət mədəniyyət müəssisələrində çalışan mütəxəssislərdən informasiya texnologiyalarının imkanlarından daha aktiv və yaradıcı şəkildə yararlanmağı, müxtəlif internet platformaları üzərindən insanlara mədəni xidmət göstərməyi tələb edir. Bu istiqamətdə həyata keçirilən yeni layihələr təqdirəlayiqdir. Lakin qarşıda mədəniyyət mərkəzlərinə yeni baxış, yeni strategiyaların işlənməsi və işə kreativ yanaşma, özünüinkişaf üzərində qurulan mədəniyyət mərkəzi modellərinin hazırlanması durur. Bu mərhələdə hər bir mədəniyyət mərkəzinin yerləşdiyi rayonun, qəsəbənin əhalisinin mədəni xidmətlə bağlı zövqünü, arzu və istəklərini öyrənməklə onlara daha yaxın olub birlikdə fəaliyyət göstərmək, müəssisənin nüfuzunu yüksəltmək və auditoriyasını genişləndirmək istiqamətində peşəkarcasına işləmək lazımdır.
İclas fəaliyyət istiqamətlərinin və yeni perspektivlərin müzakirəsi, müvafiq tapşırıq və tövsiyələrin verilməsi ilə yekunlaşıb.
***
Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinin fəaliyyəti də videokonfrans formatında müzakirə olunub.
Baş idarənin rəisi Cəlil Məlikov uşaq musiqi və incəsənət məktəblərinin karantin rejimində irəli sürülən təşəbbüsləri dəstəkləyərək sosial şəbəkələrdə başladılan aksiyalarda, eləcə də Mədəniyyət Nazirliyi ilə “Mədəniyyət” kanalının birgə həyata keçirdiyi “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində gerçəkləşən Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirov həftələrində fəal iştirak etdiklərini xüsusilə vurğulayıb, məktəblərin müəllim heyətinə minnətdarlığını bildirib.
İclasda 9 May – Qələbə Gününə həsr olunmuş festival-müsabiqənin keçirilməsi ilə bağlı təşkilati məsələlər, həmçinin məktəblərdə onlayn dərslərin təşkili və davam etdirilməsi, tədrisin keyfiyyəti və yaranan çətinliklər, növbəti tədris ilində məktəblərə şagird qəbulunun onlayn təşkili üçün yaradılmış yeni portalın müzakirəsi aparılıb.
Uşaq musiqi və incəsənət məktəblərinin rəhbərləri karantin dövründə keçirilən dərslərin qrafiki və şagirdlərin dərsi mənimsəmə səviyyəsinin müntəzəm təhlil olunduğu barədə məlumat veriblər. Müzakirələrdə təklif və iradlar qeydə alınaraq zəruri tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.